Türkiyədə təhlükəsizlik qüvvələri CHP-nin baş qərargahına daxil olub.
Redaksiya xəbər verir ki, hadisə məhkəmənin CHP qurultayları ilə bağlı “mütləq etibarsızlıq” qərarından sonra partiya daxilində rəhbərlik böhranının dərinləşdiyi vaxt baş verib.
Özgür Özəl CHP qərargahından video paylaşaraq binanı tərk etməyəcəklərini bildirib.
“Biz ata evindəyik. Atatürkün əmanəti olan ofisdəyik. İndi polis gəlib. Bu binanı dağıtmaq, ələ keçirmək istəyirlər. Biz buradan çıxmayacağıq”, — deyə Özəl bildirib.
O əlavə edib ki, CHP tərəfdarları dövlət polisinə qarşı fiziki müqavimət göstərmək niyyətində deyil.
“Əllərimizi dövlətin polisinə qarşı qaldıracaq vəziyyətdə deyilik. Sonda bədənlərimizi ala bilərlər, amma mübarizəmizi ala bilməyəcəklər”, — deyə Özəl qeyd edib.
Hadisə Türkiyə siyasətində ciddi böhran yaradıb. Məhkəmə qərarından sonra Özgür Özəlin rəhbərliyi mübahisə altına düşüb, keçmiş CHP sədri Kamal Kılıçdaroğlunun partiya rəhbərliyinə qayıtması isə gündəmdədir.
CHP tərəfi baş verənləri siyasi müdaxilə kimi qiymətləndirir.
