OpenAI şirkətinin yaxın gələcəkdə ChatGPT platformasında reklam göstərilməsi imkanlarını nəzərdən keçirdiyi bildirilir. Məlumata görə, istifadəçilər alış-veriş və ya xidmətlərlə bağlı sorğular verdikdə cavabların daxilində sponsorlu məlumatların yer alması ehtimalı müzakirə olunur.
Redaksiya xəbər verir ki, The Information nəşrinin məlumatına əsasən, OpenAI əməkdaşları son həftələr ərzində ChatGPT daxilində reklamların hansı formada təqdim oluna biləcəyinə dair müxtəlif vizual nümunələr hazırlayıblar. Müzakirələrdə konkret olaraq istifadəçi sorğularına uyğun sponsorlu məhsul tövsiyələrinin göstərilməsi variantları nəzərdən keçirilir.
Hesabatda qeyd olunur ki, ChatGPT platforması hazırda həftəlik yüz milyonlarla aktiv istifadəçiyə malikdir və uzunmüddətli perspektivdə bu göstəricinin daha da artacağı gözlənilir. Bu miqyasın rəqəmsal reklam bazarında mühüm potensial yaratdığı vurğulanır.
Məlumatda həmçinin bildirilir ki, OpenAI rəhbərliyi rəsmi şəkildə reklam planlarını açıqlamasa da, şirkət rəqəmsal reklam sahəsində təcrübəsi olan mütəxəssisləri işə cəlb edir və alış-verişlə bağlı funksiyaları genişləndirir. Analitiklərin fikrincə, istifadəçi maraqları əsasında formalaşan dialoqlar reklam bazarı üçün cəlbedici imkanlar yarada bilər.
OpenAI nümayəndəsi isə açıqlamasında ChatGPT-yə olan etimadın qorunmasının əsas prioritet olduğunu bildirib və mümkün reklam yanaşmalarının bu etimada hörmət prinsipi üzərində qurulacağını vurğulayıb. Şirkət rəsmiləri hazırda platformada aktiv reklam sınaqlarının aparılmadığını da qeyd ediblər.
