Beş il öncə Azərbaycan tarixinin ən qürürlu, ən şərəfli tarixinin yazıldığı 44 günlük Vətən Müharibəsinin hər günü xalqımızın yaddaşında əbədi həkk olunmuşdur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müharibənin gedişatında xalqa hər müraciətində səbirsizliklə gözlədiyimiz qələbə xəbərləri, tarixi şəhər və kəndlərimizin işğaldan azad edilməsi ilə tvitləri çoxəsrlik tariximizin parlaq səhifələridir.
Artıq Cəbrayıl şəhərinin erməni işğalçılarından təmizlənməsindən 5 il ötür. 2020-ci ilin oktyabrın 4-də Ölkə başçısı Cəbrayıl şəhəri və rayonun 9 kəndinin işğaldan azad olunduğunu elan etdi. Bəli, parlaq Zəfər qazandığımız Vətən müharibəsinin başlanması və ondan sonrakı günlərdə əldə edilən qələbələrin hər biri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. 30 il ərzində düşmən işğalında olan və işğal illəri ərzində müxtəlif müdafiə sistemləri qurulmuş torpaqları cəmi 44 gün ərzində düşməndən azad etmək misli görünməmiş hadisə idi. Bu mənada Cəbrayıl şəhəri müharibə ərzində işğaldan azad olunan ilk böyük yaşayış məntəqəmiz olduğu üçün xüsusi əhəmiyyət kəsb edirdi.
31 iyul 2023-cü il tarixində Müzəffər Prezidentimiz cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bu sərəncamla artıq üçüncü ildir ki, azadlığının sevincini yaşayan şəhərlərimizin azad edildikləri günlər xalqımız trəfindən böyük coşqu və qürur hissi ilə qeyd edilir. Bu tarixlərdən biri də 4 oktyabr tarixidir. Vətən müharibəsi bitdikdən sonra 2020-ci ilin noyabr ayının 16-da cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər edərək Vətən torpaqlarının qiymətini nümayiş etdirdi.
Tarixi səfər çərçivəsində ölkə başçımız bildirdi ki, ən qısa zamanda Cəbrayıl rayonu üçün yeni böyük baş plan tərtib ediləcək, burada bütün inzibati-ictimai binalar, məktəblər, tibb ocaqları, bütün infrastruktur yaradılacaq, küçələr, parklar, xiyabanlar salınacaqdır.
Bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Cəbrayıl rayonunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir.
Böyük Qayıdış proqramı əsasında cəbrayıllıların əbədi olaraq öz dogma yurdlarına qayıdışının şahidi olmaq isə çox qürurvericidir.
Cavad Abuşov;
Neftçala rayonu
