Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündəki çıxışında bu münasibətlərin siyasi, iqtisadi və humanitar istiqamətlərdə genişləndiyi xüsusi vurğulandı. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi bu prosesin mühüm nəticələrindən biridir.
Bu qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın region dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Eyni zamanda, bu addım Azərbaycan ilə Mərkəzi Asiya arasında mövcud əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirib. Cənab Prezident çıxışında bu qərara görə həmkarlarına təşəkkürünü ifadə edib. Bu münasibət qarşılıqlı hörmət və etimad mühitinin formalaşmasının mühüm göstəricisidir. Azərbaycan-Türkmənistan əlaqələrinin dinamik inkişafı da regional əməkdaşlığın konkret nümunəsidir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi siyasi dialoqun dərinləşdiyini göstərir. Füzuli şəhərində Türkmənistanın təşəbbüsü ilə məscidin inşa edilməsi isə münasibətlərin yalnız siyasi və iqtisadi çərçivə ilə məhdudlaşmadığını nümayiş etdirir. Bu təşəbbüs xalqlar arasında mənəvi yaxınlığın və dostluğun rəmzi kimi qiymətləndirilə bilər. Azərbaycanın azad edilmiş ərazilərində Mərkəzi Asiya dövlətlərinin həyata keçirdiyi layihələr də xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın Füzulidə məktəb, Qazaxıstanın Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda məktəb inşa etməsi qardaş dəstəyinin real ifadəsidir. Belə layihələr regional əməkdaşlığı praktiki nəticələrlə zənginləşdirir. Onlar həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirdiyi genişmiqyaslı quruculuq prosesinə beynəlxalq dəstəyin göstəricisidir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi əlaqələrin yüksək səviyyəyə çatması iqtisadi münasibətlər üçün də əlverişli şərait yaradıb. Qarşılıqlı yüksək səviyyəli səfərlərin müntəzəm xarakter alması əlaqələrin davamlılığını təmin edir. Ticarət dövriyyəsinin əhəmiyyətli artımı iqtisadi tərəfdaşlığın genişləndiyini göstərən mühüm göstəricidir. Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə fəaliyyət göstərən yüzlərlə şirkətin olması qarşılıqlı iqtisadi maraqların artdığını nümayiş etdirir. Bu mənzərə Azərbaycanı Mərkəzi Asiya üçün mühüm iqtisadi tərəfdaşlardan birinə çevirir. Birgə investisiya fondlarının yaradılması isə əməkdaşlığın daha uzunmüddətli xarakter daşımasına imkan verir. Bu fondların imkanlarından istifadə etməklə yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi mümkündür.
Prezidentin vurğuladığı kimi, məqsəd yalnız ticarətin artırılması deyil, birgə investisiya qoyuluşlarının və istehsalın genişləndirilməsidir. Belə yanaşma regional iqtisadi inteqrasiyanın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə şərait yaradır. Nəticə etibarilə, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı qarşılıqlı etimad, iqtisadi maraq və strateji tərəfdaşlıq üzərində inkişaf edən çoxşaxəli münasibətlər sisteminə çevrilir. Bu münasibətlərin gələcəkdə daha da dərinləşməsi bütün tərəflərin inkişafına mühüm töhfələr verəcəkdir.
Amid Şahbazov
Neftçala rayonu
