Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir

Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir

Sevinc Kərimova · Cəmiyyət ·

Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyət tarixinə nəzər saldıqda insan gücündən kənarda var olan fövqəltəbii bir gücün şahidi oluruq. Sevə - sevə yaratdığı Azərbaycan adlı şah əsərin hər cümləsini, hər sözünü işıqlı zəkasından yoğuran Ulu Öndər xalqın parlaq sabahı naminə misilsiz xidmət göstərən düha olmuşdur.

Məhz fövqəltəbii gücü sayəsində zaman-zaman sözün əsl mənasında xalqı zülmətdən - nura çıxara bilmişdi. Xalqın sabahına Qurtuluş yazan və: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm. Fəxr edirəm ki, mən azırbaycanlıyam!”- deyən dahi Öndər Azərbaycan gəncliyini daim diqqətdə saxlamış, gələcək genefondun milli-mənəvi, ümumbəşəri dəyərlərə sadiq bir gənclik kimi tərbiyələnməsini əsas tutmuşdu. Hər an gəncliyə xüsusi diqqətlə yanaşan Ümummilli lider gəncləri “Azərbaycanın gələcəyi” adlandıraraq onlara daim qayğı göstərməyin vacibliyini qeyd edirdi. Müasir dünyada güclü demokratik dövlət quruculuğunda gənclərin rolunu düzgün qiymətləndirən dahi şəxsiyyət bütün sahələrdə onlara böyük etimad göstərirdi. Dövlət orqanlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və onları bir- biri ilə əlaqələndirmək məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Azərbaycan gəncliyinin inkişafında və gənclərin dövlət qurumlarına inteqrasiya olunmasında Ulu Öndərin böyük xidmətləri olmuşdu. 1997-ci ilin fevralında Azərbaycanda “Gənclər Günü”nün elan olunması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım olmuşdur. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlanılmışdı. Həmin il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev tarixi çıxış edərkən gənclərin qarşısına şərəfli vəzifələr qoyaraq, hər bir gəncin ən əsas vəzifəsinin müstəqil Azərbaycanın bu gününü və gələcəyini düşünməli olduğunu vurğulamışdır.

Gənclərin milli mənəvi, ümumbəşəri ideyalarla tərbiyələnməsini əsas sayan dahi rəhbər üzünü gənclərə tutaraq demişdi: “Biz öz milli - mənəvi dəyərlərimizlə fəxr etməliyik!”. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 44 günlük Vətən Müharibəsi oldu. Müzəffər Ordumuzun sıralarında Vətən uğrunda qəhrəmanlıqla vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Bir vaxtlar Ümummilli lider tərəfindən qorunan müstəqillik bu gün cənab Prezidentimizin uğurlu siyasəti ilə möhkəmlənir. Günü - gündən möhkəmlənən müstəqil, müzəffər Ölkəmizdə Azərbaycan gəncliyi Ümummilli lideri daim öz ilham mənbəyi hesab edir, onun işıqlı düşüncələrini gələcəyə təbliğ etməklə vətəndaş missiyasını uğurla yerinə yetirir. Bu gün Azərbaycanımızın elm, səhiyyə, idman, iqtisadiyyat, hərb sahəsindəki yenilikləri, uğurları vaxtilə Ulu Öndər tərəfindən gəncliyə göstərilmiş diqqət və qayğının təzahürüdür. İnanırıq ki, Azərbaycan gəncliyi bundan sonra da bütün sahələrdə öz sözünü layiqli şəkildə deyəcək və Azərbaycan adını dünyada daim yüksək tutacaqdır.

Ali Baş Komandan cənab İlham Əliyev: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” deyərək gəncliyimizin dəyərini, qiymətini vermişdir.

Həbulla Rəhimov
Neftçala rayonu