bp Azərbaycanda topladığı təcrübəni region ölkələrində inkişaf etdirmək niyyətindədir

bp Azərbaycanda topladığı təcrübəni region ölkələrində inkişaf etdirmək niyyətindədir

Aytac Dəniz · İqtisadiyyat ·

bp şirkəti Azərbaycanda əldə etdiyi təcrübədən daha geniş regionda, o cümlədən Özbəkistan və Qazaxıstanda yeni imkanların reallaşdırılması üçün yararlanmaq niyyətindədir.

Bunu "bp America" şirkətinin beynəlxalq əlaqələr bölməsinin rəhbəri Kimberli Harrinqton Nyu-Yorkda "Caspian Policy Center" (CPC) tərəfindən təşkil olunan VII illik Xəzər Biznes Forumu zamanı deyib.

"Bu layihələri xüsusilə maraqlı edən məqam ondan ibarətdir ki, onlar həqiqətən də Azərbaycanın bütün təcrübə və ekspertizasına, eləcə də ölkənin son 30 il ərzində inkişaf etdirdiyi imkanlara əsaslanır", – deyə o bildirib.

Harrinqtonun sözlərinə görə, bu layihələr "ekspertiza, tərəfdaşlıq və infrastruktura yönəlmiş düşüncə tərzinin" daha geniş regionda yeni imkanlar yarada biləcəyini nümayiş etdirir. O, Xəzər regionunda enerji sektorunun inkişafını hökumətlər, biznes və müxtəlif icmalar arasında uzunmüddətli əməkdaşlığın nümunəsi adlandırıb.

"bp-nin prizmasından Xəzər regionuna nəzər saldıqda, biz həqiqətən də regionu dövrümüzün energetika sahəsində ən inanılmaz uğur hekayələrindən biri kimi görürük", – deyə Harrinqton bildirib. O qeyd edib ki, bu uğur uzunmüddətli ümumi baxışın reallaşdırılması üçün özəl sektorun, hökumətlərin və icmaların birgə fəaliyyəti sayəsində mümkün olub.

İnvestisiya qərarlarına toxunan Harrinqton vurğulayıb ki, Xəzər regionu həcmi məhdud olan özəl investisiyaların cəlb edilməsi uğrunda dünyanın digər regionları ilə rəqabət aparır.

"Uzunmüddətli kapital qoyuluşu barədə qərar verməzdən əvvəl biz bir sıra amilləri, o cümlədən dayanıqlı infrastrukturu nəzərə alırıq. Kapitalın dünyanın istənilən nöqtəsinə yönələ bildiyi bir dövrdə biz həmişə səhmdarlarımız üçün dəyər yarada və sabit gəlirlilik təmin edə biləcək layihələrin axtarışında olacağıq", – deyə o bildirib.

Trend