Birləşmiş Millətlər Təşkilatı dünyada şirin su ehtiyatlarının sürətlə tükənməsi ilə bağlı ciddi xəbərdarlıq edib. Təşkilatın açıqlamasında bildirilir ki, mövcud tendensiyalar davam edərsə, su qıtlığı qlobal təhlükəsizlik, ərzaq təminatı və sosial sabitlik üçün əsas risklərdən birinə çevrilə bilər.
Redaksiya məlumat verir ki, yayımlanan hesabatda suvarmada istifadə olunan suyun 40%-nin yeraltı mənbələrdən əldə edildiyi və bu ehtiyatların davamlı şəkildə azaldığı qeyd olunur. Sənəddə vurğulanır ki, dünya üzrə akviferlərin 70%-dən çoxu həddindən artıq istehlak səbəbindən tənəzzül mərhələsindədir.
Hesabata əsasən, son 50 il ərzində planet üzrə 1.5 milyon kvadrat mil əraziyə bərabər bataqlıq və sulak sahə itirilib, buzlaqlar isə 30%-dən çox kiçilib. Bu proseslər su ehtiyatlarının təbii şəkildə bərpasını xeyli zəiflədir və iqlim dəyişikliklərinin təsirini daha da gücləndirir.
BMT-nin qiymətləndirməsinə görə, Yaxın Şərq, Cənubi Asiya və ABŞ-ın cənub-qərb bölgələrində təxminən 3 milyard insan birbaşa su çatışmazlığı riski ilə üz-üzədir. Təşkilat üzv dövlətləri su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində təcili tədbirlər görməyə çağırıb.
