BMT Təhlükəsizlik Şurasında keçirilən fövqəladə iclas zamanı Çin və Rusiya nümayəndələri ABŞ-ın İrana hücumunu kəskin şəkildə pisləyiblər.
Redaksiya xəbər verir ki, Çinin BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Fu Tsun bildirib: “Dərhal atəşkəsə çağırırıq. Tərəflər, xüsusilə İsrail, dərhal atəşi dayandırmalıdır. İranın nüvə problemi ilə bağlı sülh yolu ilə həll hələ də mümkündür.”
Rusiya nümayəndəsi Vasili Nebenzya isə çıxışında sərt ifadələr işlədib: “ABŞ Pandoranın qutusunu açdı. Onların bu addımlarının hara aparacağı bəlli deyil. Rusiya ABŞ-ın İran İslam Respublikasına qarşı məsuliyyətsiz və təxribat xarakterli hərəkətlərini qətiyyətlə pisləyir. Vaşinqtona bu hücum üçün heç kim səlahiyyət verməyib.”
Nebenzya əlavə edib: “Vaşinqton və Qərbi Qüds özlərini dünyanın özbaşına hakimləri hesab edir və beynəlxalq hökmranlıq uğrunda istənilən cinayəti törətməyə hazırdırlar. Biz İranın nüvə problemi ilə bağlı dəfələrlə Rusiya vasitəçiliyini təklif etdik, lakin ABŞ diplomatiyaya heç bir maraq göstərmədi.”
Rusiya nümayəndəsi xəbərdarlıq edib ki, İranda baş verən gərginlik dayandırılmazsa, dünya nüvə fəlakətinin astanasına gələ bilər.
O həmçinin bildirib ki, Rusiya, Çin və Pakistan Yaxın Şərqdə atəşkəslə bağlı qətnamə layihəsi hazırlayıblar və bu sənəd Təhlükəsizlik Şurasının əksər üzvlərinin mövqeyini əks etdirir.
Sonda Nebenzya bəzi üzv ölkələri “ikili standartlar tətbiq etməkdə” və “ikiüzlü olmaqda” ittiham edib.
Sevinc Kərimova
