Bir ev iki nəfərə satılıbsa, mülkiyyətçi kim sayılır?

Bir ev iki nəfərə satılıbsa, mülkiyyətçi kim sayılır?

Aytac Dəniz · Media ·

Azərbaycanda eyni mənzilin və ya fərdi yaşayış evinin iki müxtəlif şəxsə satılması zamanı əmlakın qanuni sahibinin kim olması ciddi hüquqi mübahisələrə səbəb ola bilər. Belə hallarda əsas məsələ yalnız evi kimin birinci alması deyil, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və alqı-satqı müqavilələrinin qanuniliyidir. Bu barədə məhkəmə ekspertizası sahəsində əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli açıqlama verib.

Redaksiya ekspertə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin dövlət reyestrində qeydə alındığı andan əldə edən şəxsə keçir.

Ekspert bildirib ki, eyni ev iki nəfərə satılıbsa və alıcılardan yalnız birinin adına dövlət reyestrində qeydiyyat aparılıbsa, ilkin hüquqi qiymətləndirmədə məhz həmin şəxs mülkiyyətçi hesab edilir.

Lakin Fərid Cəfərli vurğulayıb ki, çıxarışın mövcudluğu bütün hallarda mübahisənin həmin şəxsin xeyrinə həll olunacağı demək deyil.

Əgər ikinci alqı-satqı müqaviləsi əvvəlki alıcının hüquqlarını pozmaqla, saxtakarlıq və ya digər qanunsuz hərəkətlər nəticəsində bağlanıbsa, həmin müqavilə və dövlət qeydiyyatı məhkəmə qaydasında mübahisələndirilə bilər.

Ekspertin sözlərinə görə, satıcı evi əvvəlcə bir şəxsə notariat qaydasında satıb, ödənişi qəbul edib, lakin dövlət qeydiyyatı tamamlanmamış həmin əmlakı başqa bir şəxsə də satıbsa, vəziyyət daha mürəkkəb hüquqi qiymətləndirmə tələb edir.

Belə hallarda birinci alıcının hüquqları, ikinci alıcının əmlakla bağlı əvvəlki əməliyyatdan xəbərdar olub-olmaması, satıcının niyyəti və reyestr qeydiyyatının qanuniliyi araşdırılmalıdır.

Fərid Cəfərli Mülki Məcəllənin 146.1-ci maddəsinə də diqqət çəkib. Həmin maddəyə əsasən, qanunda nəzərdə tutulan istisnalar xaricində daşınmaz əmlaka sahiblik və istifadə hüququ əqd notariat qaydasında təsdiqləndiyi andan yaranır.

Bu isə o deməkdir ki, alıcının adına çıxarış verilməmişdən əvvəl də onun qanunla qorunan müəyyən hüquqları mövcud ola bilər.

Ekspert bildirib ki, bu cür mübahisələrə yalnız “kim birinci alıb?” və ya “kimin çıxarışı var?” sualları əsasında yanaşmaq düzgün deyil.

Onun sözlərinə görə, müqavilələrin hüquqi qüvvəsi, ödənişlərin həyata keçirilməsi, alıcıların vicdanlı davranışı və satıcının mümkün qanunsuz hərəkətləri birlikdə qiymətləndirilməlidir.

Fərid Cəfərli qeyd edib ki, satıcının eyni əmlakı bilərəkdən iki müxtəlif şəxsə satması mülki-hüquqi məsuliyyət yarada bilər. Əgər əməldə cinayət tərkibinin əlamətləri müəyyən edilərsə, məsələ dələduzluq baxımından da araşdırıla bilər.

Belə vəziyyətdə hüquqları pozulmuş alıcı məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, mülkiyyət hüququnun tanınmasını, reyestr qeydinin mübahisələndirilməsini və dəymiş maddi zərərin ödənilməsini tələb edə bilər.

Ekspertin sözlərinə görə, məhkəmənin hansı qərarı qəbul edəcəyi hər bir işin konkret hallarından və təqdim olunan sübutlardan asılıdır.

Fərid Cəfərli yekun olaraq bildirib ki, eyni ev iki nəfərə satıldıqda qanuni mülkiyyətçinin müəyyənləşdirilməsində əsas meyar dövlət qeydiyyatı olsa da, həmin qeydiyyatın hansı hüquqi əsaslarla aparılması və alqı-satqı əməliyyatlarının qanuniliyi də həlledici əhəmiyyət daşıyır.