Polşanın Baş naziri Donald Tusk açıqlamasında Ceffri Epşteyn qalmaqalının Rusiya kəşfiyyatı tərəfindən planlaşdırılmış əməliyyat olması ehtimalının çox yüksək olduğunu bildirib. Onun sözlərinə görə, dərc olunan sənədlərdə birbaşa Vladimir Putinlə əlaqəli yüzlərlə material, ümumilikdə isə Moskva ilə bağlı minlərlə sənəd mövcuddur.
Redaksiya xəbər verir ki, Donald Tusk FBI-nin əlində Ceffri Epşteynin Putinə məxsus bəzi aktivləri idarə etdiyini göstərən məlumatların olduğu barədə iddiaların yayıldığını da vurğulayıb. O qeyd edib ki, bu iddialar beynəlxalq səviyyədə ciddi və şəffaf araşdırma tələb edir.
Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Epşteyn dosyalarının Qərb elitalarının uşaqlara, hətta bəzi hallarda öz övladlarına qarşı davranışlarını ifşa etdiyini deyib. Onun fikrincə, bu sənədlər Qərb cəmiyyətində mövcud olan dərin mənəvi problemləri üzə çıxarır.
Eyni zamanda, milyarder Bill Qeyts Ceffri Epşteynlə bağlı irəli sürülən yeni ittihamları qəti şəkildə təkzib edib. O bildirib ki, Epşteynlə yalnız bir neçə şam yeməyində görüşüb, heç vaxt onun adasına getməyib və orada heç bir qadınla tanış olmayıb. Bill Qeyts etiraf edib ki, ümumiyyətlə Epşteynlə görüşmək belə səhv addım olub.
