Məlumata görə, bəzi Xiaomi, Redmi və Poco markalı smartfonlar təhlükəsizlik yeniləmələri üçün nəzərdə tutulan rəsmi dəstək müddətinin sonuna yaxınlaşır. Bu cihazlar texniki baxımdan işlək qalsa da, yeniləmələrin dayandırılması onları kiber risklərə daha açıq vəziyyətə gətirəcək.
Redaksiya məlumat verir ki, 2022 və 2023-cü illərdə buraxılmış bir sıra modellər EOL (End of Life) mərhələsinə çatdıqdan sonra təhlükəsizlik yamalarını almayacaq. Xiaomi 12 və 12 Pro modelləri ilin birinci rübündə, 12X və 12 Lite modelləri mart ayında, 12T və 12T Pro modelləri isə oktyabrda dəstəkdən çıxacaq.Redmi Note 12 seriyası yaz və oktyabr aylarında, Poco F5 may ayında, Poco X5 seriyası isə ilin birinci rübündə yeniləmələrsiz qalacaq.
Qeyd olunur ki, daha köhnə Poco F4 kimi modellər artıq EOL statusundadır. Şirkətin yeni nəsil cihazları üçün beş-altı il təhlükəsizlik dəstəyi nəzərdə tutulduğu halda, əvvəlki nəsil modellər adətən iki-üç Android yeniləməsi və dörd ilə qədər təhlükəsizlik yamaları ilə məhdudlaşır.
Mütəxəssislər təhlükəsizlik risklərini nəzərə alaraq istifadəçilərə proqram təminatı dəstəyi davam edən modellərə üstünlük verməyi tövsiyə edirlər. Yeniləməsiz qalan cihazların gündəlik istifadəsi mümkün olsa da, şəxsi məlumatların qorunması baxımından əlavə ehtiyat tədbirlərinin görülməsi vacib sayılır.
