Serbiyanın parlamenti Belqradın mərkəzində lüks Tramp markalı otel və yaşayış kompleksi tikintisinə dair qanunu təsdiqləyib. Layihə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner tərəfindən irəli sürülüb və uzun müddət müzakirə predmeti olub.
Redaksiya Politico-ya istinadla xəbər verir ki, söhbət keçmiş Yuqoslaviya ordusunun qərargah binasının yerləşdiyi ərazidən gedir. Həmin bina 1999-cu ildə Kosovodakı müharibəni dayandırmaq məqsədi ilə həyata keçirilən NATO bombardmanı nəticəsində dağıdılmış və illər boyunca həm memarlıq abidəsi, həm də qeyri-rəsmi memorial kimi qəbul edilirdi. Layihənin dəyərinin təxminən 500 milyon dollar olduğu bildirilir.
Hakimiyyət layihəni ABŞ-la münasibətləri gücləndirəcək addım kimi təqdim edir. Prezident Aleksandar Vuçiç bildirib ki, layihə Belqradın iqtisadi və diplomatik mövqeyini gücləndirəcək. Lakin müxalifət və vətəndaş cəmiyyəti təmsilçiləri qərarı kəskin tənqid edir və tarixi yaddaşın kommersiya maraqlarına qurban verildiyini vurğulayır.
Müxalif deputat Marinika Tepiç “Bombaların düşdüyü yerdə indi şampan axıdılacaq” ifadəsi ilə hökumətin qərarını etirazla qarşılayıb. Eyni zamanda, ölkədə korrupsiya ilə bağlı narazılıqlar fonunda son bir ildə bu layihə əleyhinə kütləvi aksiyalar keçirilib.
Qeyd edək ki, Cared Kuşnerin idarə etdiyi Affinity Partners şirkəti 2022-ci ildə Serbiya hökumətindən layihənin reallaşdırılması üçün 99 illik icarə hüququ əldə edib.
