Birləşmiş Ərəb Əmirliklərinin İranla bağlı Körfəz ölkələrini vahid hərbi mövqeyə gətirmək cəhdi nəticəsiz qalıb.
Redaksiya Bloomberg və The Times-a istinadla xəbər verir ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed fevralın 28-də Səudiyyə Ərəbistanı və Qətər də daxil olmaqla qonşu ölkələri ABŞ və İsrailin İrana qarşı hərbi xəttinə qoşulmağa çağırıb. Lakin Körfəz ölkələri birbaşa müharibəyə cəlb olunmaqdan imtina ediblər.
Məlumata görə, bu mövqe Əbu-Dabidə narazılıq yaradıb və BƏƏ-ni İsraillə daha sıx təhlükəsizlik əməkdaşlığına yönəldib. İsrailin BƏƏ-yə “Dəmir Qübbə” hava hücumundan müdafiə batareyaları və onları idarə edən heyətlər göndərdiyi bildirilir.
Digər Körfəz ölkələri isə İranla açıq hərbi qarşıdurmadan yayınmağa üstünlük veriblər. Səudiyyə Ərəbistanı və Qətər gərginlik fonunda təhlükəsizlik tədbirlərini artırsa da, ABŞ-İsrail əməliyyatlarına birbaşa qoşulmayıblar.
Media məlumatlarında BƏƏ-nin mart və aprel aylarında İrana qarşı gizli və müstəqil cavab zərbələri həyata keçirdiyi də iddia olunur. Bu iddialar rəsmi şəkildə tam təsdiqlənməyib, lakin regionda Əbu-Dabinin daha sərt xəttə keçdiyi barədə müzakirələri gücləndirib.
Körfəz daxilində fikir ayrılığı BƏƏ-nin aprel ayında OPEC-dən çıxması və Körfəz Əməkdaşlıq Şurası kimi regional qurumlardakı rolunu yenidən nəzərdən keçirməsi ilə daha aydın görünür. Bu proses Əbu-Dabi ilə Ər-Riyad arasında rəqabətin dərinləşdiyini və BƏƏ-nin İsraillə strateji yaxınlaşmasının sürətləndiyini göstərir.
