Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə əmirliyində yerləşən neft sənayesi zonasında baş verən yanğının hələ də davam etdiyi bildirilir. Yanğın İran istiqamətindən buraxıldığı açıqlanan dron hücumundan sonra başlayıb.
Redaksiya Reuters və Fuceyrə Media Ofisinə istinadla xəbər verir ki, hadisə Fuceyrə Neft Sənayesi Zonasında qeydə alınıb. Mülki müdafiə qrupları əraziyə cəlb olunub və yanğının nəzarət altına alınması üçün işlərin davam etdiyi bildirilib.
BƏƏ tərəfi hücumun İran mənşəli dronla həyata keçirildiyini açıqlayıb. İran rəsmilərindən isə hadisə ilə bağlı dərhal rəsmi şərh verilməyib.
Fuceyrə BƏƏ-nin əsas enerji və neft ixracı mərkəzlərindən biri hesab olunur. Obyektdəki yanğın Hörmüz boğazı ətrafında hərbi gərginliyin artdığı və Körfəz ölkələrinin təhlükəsizlik tədbirlərini gücləndirdiyi bir vaxtda baş verib.
Hadisə neft bazarlarında və beynəlxalq gəmiçilik marşrutlarında yeni narahatlıq yaradıb. Hazırda yanğının vurduğu zərərin miqyası və mümkün itkilər barədə məlumatlar dəqiqləşdirilir.
