Banklarda kişi-qadın nisbəti

Banklarda kişi-qadın nisbəti

Könül Məmmədova · İqtisadiyyat ·

Banklarda gender bərabərliyi qorunmur.

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.

Hesabatda bildirilib ki, 31 dekabr 2025-ci il tarixinə bank sektorunda çalışanların ümumi sayı 28196 nəfər olub. Onlardan 17137-si kişi, 11059-u qadın təşkil edib.

Rəhbər işçilərin ümumi sayı isə 4480 nəfər olub. Onlardan 3495-i kişi, 985-i qadın olub.

Ən çox əməkdaşı olan bank “Kapital Bank” ASC olub. Bankda çalışanların ümumi sayı 5765 nəfər təşkil edib. Onlardan 3453-ü kişi, 2312-si qadın olub.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-də 4598 əməkdaşdan 2608-i kişi, 1990-ı qadın olub.

“Unibank” ASC-də çalışanların sayı 2024 nəfər olub. Onlardan 1226-sı kişi, 798-i qadın təşkil edib.

Bank Respublika-da 1926 nəfərdən 1277-si kişi, 649-u qadın olub.

AccessBank QSC-də çalışanların ümumi sayı 1681 nəfər təşkil edib. Onlardan 1132-si kişi, 549-u qadın olub.

Rəhbər işçilərin sayına görə də “Azərbaycan Beynəlxalq Bankı” ASC ilk sırada yer alıb. Bankda 871 rəhbər işçi çalışıb. Onlardan 689-u kişi, 182-si qadın olub.

“Kapital Bank” ASC-də 620 rəhbər işçidən 510-u kişi, 110-u qadın təşkil edib.

“Unibank” ASC-də 367 rəhbər işçidən 278-i kişi, 89-u qadın olub.

“Rabitəbank” ASC-də rəhbər işçilərin sayı 292 nəfər olub. Onlardan 226-sı kişi, 66-sı qadın təşkil edib.

Ən az rəhbər qadın Bank Melli İran Bakı filialında qeydə alınıb. Burada rəhbər vəzifədə çalışan 10 nəfərdən yalnız 1-i qadın olub.

“Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC və “Unibank” ASC həm ümumi işçi sayı, həm də rəhbər vəzifələr üzrə ən böyük göstəricilərə malik banklar sırasında yer alıb.