XXI əsrin əvvəllərindən başlayaraq ölkəmizin daxili və xarici siyasətdə qazandığı uğurlar, xüsusilə də son beş ildə Azərbaycanın əldə etdiyi tarixi Zəfər, ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi dövlətimizin gücünün nədən ibarət olması ilə bağlı region, eləcə də yaxın və uzaq coğrafiyada təsəvvürlərin yaranmasına şərait yaratdı. Zəngin karbohidrogen, o cümlədən bərpaolunan enerji ehtiyatlarına malik Azərbaycanın son dövrələr dünyada baş verən müharibələr, münaqişə ocaqlarının yaratdığı reallıqlar fonunda fəal oyunçuya çevrilməsi təbii reallıq və zamanın tələbidir desək yanılmarıq.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü, müdrik siyasəti nəticəsində ölkəmizin qazandığı nailiyyətlər günbəgün artmaqdadır. Bu gün Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir.
Ölkələrimiz arasında əlaqələrin inkişafında cənab Prezident İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Qarşılıqlı siyasi dialoq və mütəmadi səfərlər ölkələrimiz arasındakı münasibətlərin inkişaf intensivliyini artırır. Onun yeni mərhələyə adlamasına möhkəm zəmin yaradır. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığı xüsusilə son dövrlərdə hər iki ölkənin prezidentlərinin siyasi iradəsi ilə daha da dərinləşmişdir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, parlament, humanitar, ticari-iqtisadi və digər sahələrdə münasibətlər də birləşdirir. İki ölkə arasında siyasi, iqtisadi, parlament, mədəniyyət, ticari-iqtisadi sahədə əlaqələr mövcuddur. Azərbaycan və Tacikistan arasında münasibətlərin genişlənməsində parlament əlaqələrinin rolunu xüsusi qeyd etmək lazımdır. Milli Məclisdə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Tacikistan Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. Məlum olduğu kimi bu günlərdə Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının növbəti görüşü keçirildi. Görüşdə iştirak edən Ölkə başçısı mühüm fikirlər səsləndirdi. Nitqində Tacikistanla Azəbaycan arasında münasibətlərin səviyyəsini yüksək qiymətləndirən cənab İlham Əliyev ölkələrimiz arasında münasibətlərin inkişafında hər zaman yeni səhifələrin açılması üçün şərait və etimadın olduğuna diqqət çəkdi.
Aytəkin Mahmudova;
Neftçala rayonu
