Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyevin 7-8 avqust tarixlərində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri ölkəmiz və region üçün bir çox tarixi məqamlarla yadda qaldı.
Əminliklə demək olar ki, səfər çərçivəsində əldə edilən tarixi sülh razılaşması Azərbaycanın növbəti diplomatik uğuru, siyasi zəfəridir. Uzun illər davam edən münaqişələrdən, qarşıdurmalardan və qırğınlardan sonra Cənubi Qafqazda sülh üfüqləri açılır. Bu, yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün region, eləcə də beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edən dönüş nöqtəsidir. Az qala son qırx ildə məqsədli şəkildə qarşıdurma məkanına çevrilmiş Cənubi Qafqaz regionuna sülh, sabitlik gəlməkdədir.
Əminliklə deyə bilərik ki, Azərbaycanın əzmi və iradəsi, dünyanın ən güclü dövlətinin şahidliyi ilə bu gün Cənubi Qafqazda sülh bərqərar edilir. Bu, sadəcə bir siyasi akt deyil – bu, gələcək nəsillərin taleyinə təsir edəcək böyük bir humanitar, iqtisadi və mənəvi hadisədir. Sülh, sabitlik və inkişaf yalnız bir ölkə üçün deyil, bütün region və dünya üçün müsbət nəticələr doğuracaqdır. Bu kontekstdə, Prezident Donald Trampın təşəbbüsü ilə irəli sürülən “Tramp rifah və sülh marşrutu” xüsusi əhəmiyyət kəsb edir. Bu marşrut təkcə fiziki infrastruktur və rabitə xətlərindən ibarət deyil. Bu, eyni zamanda divarları dağıdan, keçmişin ağrılı xatirələrini arxada qoymağa yardım edən, insanlar və xalqlar arasında yeni körpülər salan bir dəyərlər sistemidir. Bu təşəbbüs bir sıra ölkələr üçün investisiya, iqtisadi sabitlik və rifah baxımından böyük imkanlar yaradacaqdır. Möhtərəm Prezident cənab İlham Əliyev tarixi Ağ Ev görüşündən sonra əldə edilən uğur və nailiyyətlər barədə məhz Vaşinqtondan bütün dünyaya səsləndi. Ölkəmizin media nümayəndələrinə dərin məzmunlu müsahibə verən Ölkə başçısı ABŞ və onun Prezidenti Donald Trampın tarixi sülh missiyasına xüsusi diqqət çəkdi. Müasir dünyada nadir hallarda baş verən belə halların dəyərləndiriliməsinin vacibliyini xüsusi qabardan cənab Prezident nəhayət ki, planetimizə möhkəm, etibarlı, dayanıqlı sülh və sabitliyin gəlməsinə çox ciddi ehtiyac olduğunu xüsusi vurğuladı.
Azərbaycan və Ermənistanın müstəqilliklərini bərpa etdikləri ərəfədə məqsədli şəkildə dərin qarşıdurmalara və müharibəyə sürükləndiyini vurğulayan Ölkə başçısı bunun bölgəmizə və xalqlarımızın rifahına böyük zərbə vurduğunu bildirdi. Lakin görünən odur ki, tarix dəyişir. Dinindən, irqindən, milliyyətindən asılı olmayaraq dünya xalqları sülh və əminamanlıq içində yaşamaq istəyirlər. Azərbaycan dövləti və xalqı hər zaman sülhə, sabitliyə böyük önəm verib. Cənab İlham Əliyev ölkəmizin sülhə, əməkdaşlığa və regional inteqrasiyaya hər zaman sadiq olduğumuzu vurğulayır. İnanırıq ki, bu tarixi fürsətdən erməni cəmiyyəti, regionumuz, ümumiyyətlə bütün dünya faydalanacaqdır.
Ataş Əsədov
Neftçala rayonu
