Azərbaycan xalqı əbədi olaraq Zərifə Əliyevanın elmi irsini yaşadacaq

Azərbaycan xalqı əbədi olaraq Zərifə Əliyevanın elmi irsini yaşadacaq

Sevinc Kərimova ·

Azərbaycan xalqı əbədi olaraq Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin hörmətlə yad edib, onun zəngin elmi irsini hər zaman yaşadacaqdır.

Yaradıcı şəxslərindən, elm adamlarından, ümumən ziyalılarından yadigar qalan bütün maddi və mənəvi irs həmin şəxsiyyətin mənsub olduğu xalqın və bəzən də bəşəriyyətin zamanla sərvətinə çevrilir. Dünya şöhrətli oftolmoloq alim, akademik Zərifə xanım Əliyeva da belə şəxsiyyətlərdən biridir. Azərbaycan xalqı əbədi olaraq Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin hörmətlə yad edib, onun zəngin elmi irsini hər zaman yaşadacaqdır. Bu faktdır ki, hər bir dahi şəxsiyyətin ictimai həyatda layiqli bir fərd olaraq yetişməsi üçün, həm də onun böyüyüb-başa çatdığı ailəsinin rolu əvəzsisdir.

Məhz, Zərifə xanım Əliyevanın da bir görkəmli xadim olaraq yetişməsində onun ailəsinin böyük rolu olmuşdur. 1923-cü il aprel ayının 28-də dövrünün görkəmli ictimai-siyasi və elm xadimi sayılan Əziz Əliyevin ailəsində dünyaya göz açmış Zərifə Əliyevanın ən böyük arzusu tibb sahəsində mütəxəssis olaraq yetişmək olmuşdur.

Qarşısına ali məqsəd qoyan Zərifə xanım Əliyeva orta məktəbi bitirdikdən sonra 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olur və 1947-ci ildə ali təhsil ocağını əla qiymətlərlə bitirərək, oftolmoloq ixtisasına yiyələnir. Həmin dövrün tarixi sənədlərinə nəzər salsaq görərik ki, qeyd etdiyimiz illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksiyası geniş yayılmış bir xəstəliyə çevrilmişdi. O zaman ölkənin tibb sahəsində bu xəstəliyə qarşı təsirli müalicə üsulları faktiki olaraq yox idi. Belə olan halda Zərifə xanım Əliyevanın bu sahədə apardığı elmi araşdırma və regionlarda tibb işçiləri arasında apardığı maarifləndirici tədbirlər görülən işlərə böyük töhfə vermiş oldu. Zərifə Əliyevanın Moskva Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşdırma kursunu bitirdikdən sonra öz doğma vətəninə qayıtması və öz xalqına şərəflə xidmət etməsi onun vətən, xalq, yurd sevgisinin bariz nümunəsi sayılır.

Qeyd etməliyik ki, elmi, ictimai fəaliyyətlə paralel olaraq Zərifə xanım, həm də qayğıkeş ana, layiqli ömür-gün yoldaşı idi. O, bu mötəbər xüsusiyyətləri böyüyüb, boya-başa çatdığı ailəsindəki yüksək mənəvi mühitdən qazanmışdı. Ulu Öndər Heydər Əliyevlə Zərifə xanım Əliyevanın həyat yolunun oxşar xüsusiyyətlərindən biri də odur ki, hər iki dahi şəxsiyyət gərgin əmək fəaliyyətləri ilə ömürlərini Azərbayacan xalqına həsr etmiş və sahib olduqları nəcib insani keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş kimi yetişdirdikləri övladlarına ötürmüşlər. Zərifə xanım gərgin elmi və tibbi fəaliyyəti ilə parael bütün ömrü boyu Ulu Öndər Heydər Əliyevə mənəvi dayaq olub. Zərifə xanım Əliyevanın 1985-ci ilin aprel ayının 15-də dünyasını dəyişməsi onun ailəsi ilə yanaşı, həm də Azərbaycan xalqı, ictimaiyyəti üçün böyük itki oldu. Zərifə xanım Əliyevanın əziz xatirəsi daim qədirbilən xalqımız tərəfindən ehtiramla yad olunur. Akademikin işıqlı obrazı, parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Ataş Əsədov;
Neftçala rayonu