Azərbaycan Suriya ilə İsrail arasında vasitəçilik rolunu təsdiqlədi

Azərbaycan Suriya ilə İsrail arasında vasitəçilik rolunu təsdiqlədi

Sevinc Kərimova · Siyasət ·

Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin Suriya ilə İsrail arasında vasitəçilik etdiyini rəsmən bəyan edib. Dövlət başçısı bu missiyanın məqsədinin Yaxın Şərqdə sülh və sabitliyə töhfə vermək olduğunu vurğulayıb.

Redaksiya The Syrian Observer nəşrinə istinadən xəbər verir ki, Prezident İlham Əliyev “Al Arabiya English” telekanalına müsahibəsində artıq Suriya və İsrail rəsmilərinin Azərbaycan vasitəçiliyi ilə görüşdüyünü açıqlayıb. Görüşün yeri açıqlanmasa da, müxtəlif media orqanları son aylarda bu danışıqların Bakıda keçirildiyini yazıb.

Bakıdakı görüşlərdən sonra ABŞ-ın vasitəçiliyi ilə Parisdə iki dəfə əlavə görüş keçirilib. Bu proseslər cənub Suriyada gərginliyin artdığı bir vaxtda reallaşıb. İsrail ordusunun Suriyanın Əl-Kisva bölgəsinə PUA zərbəsi endirərək altı hərbçini öldürməsi də diplomatik təşəbbüslərə baxmayaraq bölgədə gərginliyin davam etdiyini göstərir.

Azərbaycan yalnız vasitəçiliklə kifayətlənmir, Suriya ilə humanitar və enerji əməkdaşlığını da genişləndirir. Prezident İlham Əliyev ötən ay Türkiyə, Suriya və Qətərlə imzalanan dördtərəfli saziş çərçivəsində Azərbaycan qazının artıq Suriyaya çatdığını bildirib:
“Hazırda 1,2 milyard kubmetr qaz tədarükü razılaşdırılıb, lakin bu həcmin gələcəkdə artırılması mümkündür.”

Bu enerji tərəfdaşlığı 12 iyulda Suriya ilə Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumu ilə rəsmiləşdirilib. Layihənin ilk mərhələsi 2 avqustda başlayıb. Qətərin maliyyələşdirdiyi, Türkiyə üzərindən reallaşdırılan bu marşrut Suriyaya gündə təxminən 3,4 milyon kubmetr qaz ötürür. Tədarük olunan qaz elektrik stansiyalarında istifadə edilir.

Sevinc Kərimova