İstər ölkə, istərsə də dünya mədəniyyət xəzinəsinə nadir incilər bəxş etmiş Azərbaycan qadınının cəmiyyətimizdə rolu ölçüyəgəlməz səviyyədədir. Azərbaycan qadını təkcə mədəniyyət, elm, təhsil, səhiyyə sahəsində deyil, ölkəmizin siyasi həyatında da, tale yüklü məsələlərin həllində də daim öz töhfəsini verməkdədir. Azərbaycanın ictimai-siyasi fikir tarixinə adları qızıl hərflərlə düşmüş yüzlərlə görkəmli Azərbaycan qadın mütəfəkkirlərinin adlarını saya bilərik.
Azərbaycan qadının qadir olduğu yüksək intellekt və təfəkkür tərzi Azərbaycan xalqı ilə parallel dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu gün qadınlar qayğıkeş ana olmaqla parallel həm də cəmiyyət həyatının bütün sferalarında layiqincə təmsil olunan bir simadır. Azərbaycan qadının bu gün cəmiyyətimizin bütün sahələrində layiqincə təmsil olunması onların malik olduğu yüksək peşəkarlıqla yanaşı, həm də Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu gender siyasətinin nəticəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyev ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra, yəni 1993-cü ildən etibarən qadınların ictimai-siyasi həyata qatılması, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.
Qeyd etmək yerinə düşər ki, dövlətimizin ən ali hüquqi qüvvəyə malik sənədi olan Konstitusiyamızda da qadınların kişilərlə bərabər hüququnu təsdiq edən və demokratik dövlət quruculuğu prosesində iştirak etmələri üçün ən demokratik baza prinsipləri yaradılmışdır. Bu gün Respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Cənab Prezident qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.
Ölkə başçısının hər il 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik zərif cinsin nümayəndələrinə diqqətin və ehtiramın təcəssümüdür. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığının artmasına və onların cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində rolunun güclənməsinə təkan verməkdədir.
Elşən Hətəmov
Neftçala rayonu
