Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, qurtuluş müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam.
Redaksiya APA-ya istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, “1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar”.
Prezident bildirib ki, “2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü”. O, Ermənistanla yalnız ikitərəfli formatda aparılan danışıqların müsbət nəticələr verdiyini diqqətə çatdırıb. Əlavə edib ki, “Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək ‘Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu’dur (TRIPP)”.
Azərbaycan Prezidenti Vaşinqton Sammitini Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı adlandıraraq vurğulayıb: “Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq”. Dövlət başçısı bunun siyasi, iqtisadi, enerji, müdafiə və təhlükəsizlik də daxil olmaqla bir çox sahədə tərəfdaşlıq üçün yeni üfüqlər açdığını qeyd edib.
Prezident İlham Əliyev həmçinin deyib: “Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır”. O, ABŞ-a avqust ayında etdiyi səfər zamanı əldə edilmiş razılaşmaların tarixi əhəmiyyət daşıdığını vurğulayaraq, Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi dəstəyə görə Prezident Donald Trampa təşəkkürünü ifadə edib.
Dövlət başçısı postmünaqişə dövründə əsas humanitar problemlərdən biri kimi mina təhlükəsini göstərərək, 2020-ci ildən bu günədək 400-dən çox azərbaycanlının mina partlayışlarında həlak olduğunu və ya yaralandığını diqqətə çatdırıb. O, həmçinin qeyd edib ki, “2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin olunacaq”.
Prezident İlham Əliyev Azərbaycanın boru kəmərləri vasitəsilə qaz təmin edən ölkələr arasında dünyada birinci yeri tutduğunu bildirərək çıxışını yekunlaşdırıb.
