Azərbaycan Dubayda UPU Şurasına namizədliyini təşviq edən tədbir keçirib

Azərbaycan Dubayda UPU Şurasına namizədliyini təşviq edən tədbir keçirib

Fərid Əlizadə · Texnologiya ·

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (UPU) ali qərarverici orqanı olan 28-ci Konqresində iştirak edir.

Redaksiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, dörd ildən bir keçirilən Konqresdə UPU-nun Beynəlxalq Bürosunun baş direktoru və müavini, həmçinin Poçt Əməliyyatları Şurasının və İnzibati Şuranın sədrləri və üzvləri seçilir. Bu il ölkəmiz Beynəlxalq Büronun hər iki şurasına üzvlük üçün namizədliyini irəli sürüb. Seçkilərdən öncə Azərbaycan beynəlxalq əlaqələrin gücləndirilməsi, əməkdaşlığın qurulması və ölkəmizin daha yaxından tanıdılması məqsədilə tədbir təşkil edib.

Nazirliyin məlumatında qeyd olunur ki, tədbirdə UPU-nun baş direktoru Masahiko Metoki, PostEurop nümayəndələri və 150-dən çox ölkənin poçt təşkilatlarının yüksək vəzifəli şəxsləri iştirak ediblər. Masahiko Metoki Azərbaycanın namizədliyi barədə iştirakçılara məlumat verib və ölkəmizin təşkilatla fəal əməkdaşlığını yüksək qiymətləndirib. Tədbirdə Azərbaycanın poçt əməliyyatları sahəsində əlaqələrin inkişafına, standartların tətbiqinə xüsusi önəm verdiyi bildirilib. Qonaqlara həmçinin ölkəmizin zəngin mədəni irsini əks etdirən nümunələr təqdim olunub.