Bu gün Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş kimi üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir
Ölkə başçısı cənab İlham Əliyev aprelin 27-də ölkəmizdə rəsmi səfərdə olan Çex Respublikasının Baş naziri Andrey Babiş ilə keçirilən görüşdən sonra mətbuata verdiyi bəyanatında Azərbaycan ilə Çex Respublikası arasında əməkdaşlığın mühüm istiqamətlərindən birinin energetika sektoru olduğunu xüsusi vurğulayıb. Hazırda Azərbaycan nefti Çexiya bazarına stabil şəkildə çatdırılır və bu, həmin ölkənin enerji balansının təmin olunmasında əhəmiyyətli paya malikdir. Cənab Prezident nitqində Azərbaycanın artıq uzun müddətdir dünya enerji bazarlarında etibarlı və sabit tərəfdaş kimi tanındığını xüsusi vurğuladı.
Ölkənin enerji siyasəti beynəlxalq öhdəliklərə sadiqlik, təchizatın dayanıqlılığı və uzunmüddətli əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu xüsusiyyətlər Azərbaycanı qlobal enerji bazarında etibarlı ixracatçı kimi mövqeləndirir. Bildiyimiz kimi son illərdə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq daha da genişlənib və bu istiqamətdə mühüm nəticələr əldə olunub. Belə ki, hazırda Avropa İttifaqına üzv olan 10 ölkə Azərbaycandan təbii qaz alır. Ümumilikdə isə Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb. Bu isə Azərbaycanın beynəlxalq enerji bazarında mövqeyinin getdikcə möhkəmləndiyini göstərir. Bir məsələni də xüsusi vurğulayaq ki, Azərbaycan dünyada boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz tədarük edən ölkələrdən biridir. On altı ölkənin Azərbaycan qazından istifadə etməsi ölkəmizin bir çox dövlətlərin enerji təhlükəsizliyində mühüm rol oynadığını bir daha təsdiqləyir. Bu amil Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi nüfuzunu daha da artırır. Hazırda Avropa bazarı Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
Belə ki, ümumi qaz ixracının təxminən yarısı məhz Avropa bazarının payına düşür. Bu isə Avropa ilə enerji sahəsində əməkdaşlığın strateji xarakter daşıdığını göstərir. Hazırda Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş kimi üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirir və gələcəkdə də Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. Bu istiqamətdə həyata keçirilən layihələr və genişlənən əməkdaşlıq Azərbaycanın beynəlxalq enerji bazarındakı rolunu daha da gücləndirir.
Çinarə Qardaşova
Neftçala rayonu
