AZCON Holding-in təşəbbüsü ilə böhran kommunikasiyası üzrə təlimlər keçirilib

AZCON Holding-in təşəbbüsü ilə böhran kommunikasiyası üzrə təlimlər keçirilib

Aytac Dəniz · İqtisadiyyat ·

AZCON Holding-in təşəbbüsü ilə müxtəlif nazirliklərin, digər dövlət qurumlarının, o cümlədən Holdinqin ekosisteminə daxil olan şirkətlərin əməkdaşlarının böhran kommunikasiyası sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə silsilə təlimlər təşkil olunub.

Böyük Britaniyadan dəvət olunmuş böhran kommunikasiyası üzrə beynəlxalq ekspert Tobi Odouni tərəfindən keçirilən təlimlərdə böhran vəziyyətlərində effektiv kommunikasiya strategiyalarının hazırlanması, media ilə əlaqələrin idarə olunması, operativ qərarvermə və qurumlararası koordinasiyanın gücləndirilməsi mövzularına xüsusi diqqət yetirilib.

Təlim proqramı nəzəri biliklərlə yanaşı, real hadisələrə yaxın böhran ssenariləri əsasında praktiki məşğələləri də əhatə edib. İştirakçılar simulyasiya tapşırıqları vasitəsilə böhran vəziyyətlərində çevik reaksiya vermək, ictimaiyyətə dəqiq və vaxtında məlumat çatdırmaq, media sorğularını cavablandırmaq və kommunikasiya proseslərini əlaqələndirmək bacarıqlarını təkmilləşdiriblər.

Təlimlərin əsas məqsədi dövlət qurumlarının potensial böhran vəziyyətlərinə hazırlıq səviyyəsinin yüksəldilməsi, kommunikasiya sahəsində peşəkar bacarıqların inkişaf etdirilməsi və fövqəladə hallarda vahid, koordinasiyalı informasiya axınının təmin edilməsinə töhfə vermək olub.

Qeyd edək ki, bu cür praktiki təlimlər böhran vəziyyətlərində operativ və düzgün kommunikasiya qərarlarının qəbul edilməsi, ictimai etimadın qorunması, vətəndaş məmnuniyyətinin təmin edilməsi və mümkün reputasiya risklərinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.