Az və çox yatmaq orqanizmin sürətli qocalması ilə əlaqələndirilib

Az və çox yatmaq orqanizmin sürətli qocalması ilə əlaqələndirilib

Aytac Dəniz · Media ·

Yeni araşdırmada gündə altı saatdan az və səkkiz saatdan çox yatmağın müxtəlif orqan sistemlərində daha yüksək bioloji yaş göstəriciləri ilə əlaqəli olduğu müəyyən edilib. Tədqiqat 23 bioloji qocalma göstəricisi vasitəsilə 17 orqan sistemi və toxumanı qiymətləndirib. Nəticələr Nature jurnalında dərc olunub.

Redaksiya istinadla xəbər verir ki, UK Biobank məlumatları əsasında aparılan araşdırmada yuxu müddəti ilə bioloji qocalma arasında U formalı əlaqə aşkarlanıb. Ən aşağı bioloji yaş göstəriciləri orqan və cinsdən asılı olaraq təxminən 6,4-7,8 saatlıq yuxu intervalında müşahidə edilib.

Tədqiqatçılar sonrakı təhlillər üçün altı saatdan az yuxunu qısa, səkkiz saatdan çox yuxunu isə uzun yuxu kimi təsnif ediblər. Hər iki qrupda bəzi orqan sistemlərinin bioloji yaş göstəricilərinin daha yüksək olduğu, həmçinin bir sıra xəstəliklər və ümumi ölüm riski ilə əlaqənin artdığı müşahidə olunub.

Bununla belə, alimlər nəticələrin səkkiz saatdan artıq yuxunun birbaşa olaraq qocalmaya səbəb olduğunu qəti şəkildə sübut etmədiyini vurğulayırlar. Araşdırma əsasən əlaqəni göstərir və uzun yuxunun bəzi hallarda mövcud sağlamlıq problemlərinin nəticəsi olması ehtimalı da istisna edilmir.