Avstriyada iki ukraynalı kəşfiyyatçı yenidən həbs edilib

Avstriyada iki ukraynalı kəşfiyyatçı yenidən həbs edilib

Aytac Dəniz · Media ·

Avstriyada casusluqda şübhəli bilinən iki Ukrayna vətəndaşı yenidən istintaq təcridxanasına yerləşdirilib. Ukrayna hərbi kəşfiyyatının əməkdaşları olduğu bildirilən şəxslər iki həftə əvvəl girov müqabilində azad edilmişdilər. Onların Böyük Britaniyada adam oğurluğu əməliyyatları planlaşdırmış ola biləcəkləri araşdırılır. Bu barədə Avstriyanın ORF ictimai yayımçısı məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Vyana Prokurorluğu iki şübhəlinin yenidən həbs edildiyini təsdiqləyib. Bununla belə, istintaq materialları məxfi olduğundan həbs qərarının bütün əsasları ictimaiyyətə açıqlanmayıb.

ORF-un yüksəkvəzifəli mənbəyə istinadən yaydığı məlumata görə, qərara şübhəlilərdən götürülmüş mobil telefon və kompüterlərin araşdırılması təsir göstərmiş ola bilər.

Elektron cihazlarda Böyük Britaniya ərazisində qanunsuz kəşfiyyat əməliyyatlarının hazırlanmasına işarə edən məlumatların aşkarlandığı bildirilir.

İddialara əsasən, planlaşdırılan əməliyyatlar çərçivəsində Ukraynada məhkəmə qarşısına çıxarılması istənilən şəxslərin oğurlanması da nəzərdən keçirilmiş ola bilər.

Lakin bu məlumatlar hələlik istintaqla bağlı mənbənin iddialarıdır. Adam oğurluğu planlarının mövcudluğu və şübhəlilərin konkret hansı əməliyyatlara hazırlaşdığı rəsmi qaydada təsdiqlənməyib.

Xatırladaq ki, oktyabrın 9-da Vyanada casusluq şübhəsi ilə dörd Ukrayna vətəndaşı saxlanılmışdı. Onlardan ikisinin Ukrayna hərbi kəşfiyyatı ilə əlaqəli olduğu bildirilmişdi.

Həmin əməliyyat zamanı ukraynalı araşdırmaçı jurnalist Mixaylo Tkaç və onun operatoru da müvəqqəti saxlanılmışdı. Lakin onların casusluqda iştirakına dair şübhələr təsdiqini tapmadığından hər ikisi sərbəst buraxılmışdı.

İki əsas şübhəli barəsində isə istintaq davam etdirilib. Onlar noyabrın 13-də hər biri 3 min avro girov ödəməklə azadlığa buraxılıblar.

Şübhəlilərin ölkəni tərk etməməsi, istintaqa mane olmaması və Vyanada əlaqə ünvanı təqdim etməsi də azadlığa buraxılma şərtləri arasında olub.

Sonradan elektron cihazların araşdırılması fonunda hər iki şəxsin yenidən həbs edilməsinə qərar verilib.

Hazırda Avstriya hüquq-mühafizə orqanları casusluq şübhələri üzrə araşdırmanı davam etdirir. Şübhəlilərin təqsirli olduqları məhkəmə tərəfindən müəyyən edilməyib.