Siyasi analitik Gideon Rahmanın fikrincə, Qrenlandiya ətrafında Avropa ilə ABŞ arasında yaranan fikir ayrılığı Şimali Atlantika Alyansının gələcəyini ciddi sual altına qoya bilər. O hesab edir ki, üzvlərdən birinin digərinə qarşı mümkün hərbi addımı qarşılıqlı müdafiəyə əsaslanan ittifaqın mövcudluğunu mənasız edər.
Redaksiya Financial Times istinadla xəbər verir ki, Rahman yazısında belə bir ssenaridə Vaşinqtonun Avropaya verdiyi təhlükəsizlik zəmanətlərinin etibarlılığını itirəcəyini vurğulayır. Onun qənaətinə görə, hətta NATO-nu qorumaq cəhdləri belə alyansın dağılmasının qarşısını ala bilməz.
Analitik NATO-nun çökməsi halında Avropa dövlətlərinin ABŞ-in iştirakı olmadan yeni müdafiə ittifaqı yaratmağa məcbur qalacağını bildirir. Onun fikrincə, Danimarkanı dəstəkləyən birgə məktubu imzalayan Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa və İspaniya, eləcə də Şimali Avropa ölkələri bu ittifaqın əsasını təşkil edə bilər.
Rahman qeyd edir ki, Avropa İttifaqı ilə ABŞ arasında dərinləşən qarşıdurma yalnız təhlükəsizlik sahəsini deyil, ticarət, müdafiə müqavilələri və texnoloji əməkdaşlıq da daxil olmaqla iqtisadi əlaqələri də ciddi zərbə altında qoya bilər. Bu baxımdan Qrenlandiya ətrafındakı böhran son onilliklərdə transatlantik münasibətlər üçün ən ciddi sınaqlardan biri kimi qiymətləndirilir.
