“ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı”

“ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı”

Aytac Dəniz · Siyasət ·

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb.

Dövlət başçısı bununla bağlı deyib:

“30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı”.

Dövlət başçısı həmçinin torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub.

İlham Əliyev 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqlarını bildirərək deyib: “Beləliklə, Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi”.

Vətən müharibəsinin 44 gün davam etdiyi vurğulayan Prezident bildirib ki, bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb.

Qafqazinfo