Pakistan ordusunun rəhbəri feldmarşal Asim Munir Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi ilə geniş danışıqlar aparıb.
Redaksiya IRNA-ya istinadla xəbər verir ki, görüş cümə günü baş tutub və gecə saatlarınadək davam edib.
Tərəflər regionda gərginliyin azaldılması, diplomatik təşəbbüslər və İran ətrafında hərbi eskalasiyanın qarşısının alınması yollarını müzakirə ediblər.
Pakistan ordusu Munirin Tehrana yüksək səviyyəli İran rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün gəldiyini açıqlayıb.
Asim Munir və onu müşayiət edən nümayəndə heyətini Tehranda İranın daxili işlər naziri İskəndər Mömeni qarşılayıb. Qarşılama mərasimində Pakistanın daxili işlər naziri Möhsin Nəqvi də iştirak edib.
Pakistan tərəfi səfəri davam edən vasitəçilik səylərinin bir hissəsi kimi təqdim edir.
İran mediası yazır ki, danışıqlar ABŞ və İsraillə qarşıdurmanın dayandırılması, Qərbi Asiyada sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi mövzularını əhatə edib.
Məlumata görə, aprel ayında Pakistanın vasitəçiliyi ilə Tehran və Vaşinqton arasında iki həftəlik atəşkəs əldə olunmuşdu, lakin daimi razılaşma ilə bağlı danışıqlar nəticəsiz qalmışdı.
