Araşdırma: Z nəsli üçün smartfon psixoloji ehtiyaca çevrilib

Araşdırma: Z nəsli üçün smartfon psixoloji ehtiyaca çevrilib

Sona Osmanova · Elm ·

Z nəsli üçün smartfon artıq sadəcə texnoloji cihaz deyil, şəxsi kimliyin və gündəlik davranışın ayrılmaz hissəsinə çevrilib. Gənclər uzun saatlarını bu cihazlara sərf etməklə yanaşı, telefonsuz qalma ehtimalını qorxuducu və narahatedici bir vəziyyət kimi qiymətləndirirlər. Smartfondan uzaqlaşmaq, asılılıq dərk edilsə belə, psixoloji baxımdan olduqca çətin təcrübə kimi təsvir olunur.

Redaksiya Wired nəşrinə istinadən xəbər verir ki, bu vəziyyətin paradoksal tərəfi ondan ibarətdir ki, hələ 1998-ci ildə irəli sürülmüş “advanced mind hypothesis” (genişlənmiş ağıl hipotezi) adlı yanaşma məhz bu cür nəticələri proqnozlaşdırıb. Həmin nəzəriyyəyə görə, texnologiya insan yaddaşının, düşünmə tərzinin və özünüidarə mexanizmlərinin bir hissəsinə çevrilərək fərdi psixologiyaya birbaşa təsir göstərir.

Məqalədə qeyd olunur ki, gənclər telefonlarını itirdikdə bunu təkcə texniki itki kimi deyil, xatirələrin, fotoların və şəxsi nəzarət hissinin itirilməsi kimi qəbul edirlər. Smartfon cibində olmadıqda, özlərini “böyük uşaq” kimi hiss etdiklərini etiraf edən gənclər, real dünya ilə əlaqənin zəiflədiyini və özlərini müdafiəsiz gördüklərini bildirirlər.

Mütəxəssislər hesab edirlər ki, bu vəziyyətlə mübarizə təkcə texnologiyadan imtina yolu ilə deyil, rəqəmsal vərdişlərin tənzimlənməsi və şüurlu istifadənin təşviqi ilə mümkündür. Smartfonun həyatın mərkəzinə çevrilməsi müasir cəmiyyət üçün yeni sosial və psixoloji çağırışlar yaradır və bu prosesə uyğun adaptasiya mexanizmlərinin formalaşdırılması vacib sayılır.