Apple və Google arasında bağlanan çoxillik əməkdaşlıq çərçivəsində Apple şirkəti süni intellekt sahəsində əsas texnoloji baza kimi Google-un Gemini modellərini seçib. Razılaşma Siri səsli köməkçisinin yenilənmiş versiyası və Apple Intelligence sisteminin inkişafını əhatə edir və bu funksiyaların 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.
Redaksiya xəbər verir ki, tərəflərin birgə bəyanatına əsasən, Apple Gemini texnologiyasını geniş qiymətləndirmə prosesindən sonra seçib və onu gələcək Apple Foundation Models üçün ən uyğun platforma hesab edib. Şirkət Gemini-nin performans və miqyaslana bilmə imkanlarının bu qərarda həlledici rol oynadığını bildirib.
Razılaşmaya görə, Gemini modelləri Apple-ın daxili süni intellekt ekosisteminə inteqrasiya ediləcək. Xüsusilə son illərdə funksional məhdudiyyətlər və gecikmələrlə üzləşən Siri sisteminin imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri olacaq. Bununla yanaşı, Apple vurğulayır ki, əsas süni intellekt funksiyalarının mühüm hissəsi cihazların özündə və Private Cloud Compute platforması üzərindən işləyəcək, bu da məxfilik standartlarının qorunmasını təmin edəcək.
Əməkdaşlıq texnologiya sektorunda diqqətçəkən hadisə kimi qiymətləndirilir. İlon Mask isə Apple və Google arasında bu tərəfdaşlığın süni intellekt sahəsində “ağlabatan olmayan güc mərkəzləşməsi” yaratdığı barədə xəbərdarlıq edərək, bazarda rəqabət balansına təsir göstərə biləcəyini bildirib.
