Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin “Qanvermə aksiyalarının təşkili və donorlarla iş şöbəsi”nin rəhbəri, talassemiya pasiyenti Anar Səmədov şöbənin fəaliyyət istiqamətləri, qarşıda duran əsas hədəflər və gələcək layihələrlə bağlı geniş açıqlama verib.
Anar Səmədov bildirib ki, Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişaf etdirilməsi, donor bazasının genişləndirilməsi və cəmiyyət arasında donor mədəniyyətinin formalaşdırılması istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirilir. Onun sözlərinə görə, xüsusilə talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların həyatında donorların rolu əvəzsizdir və verilən hər bir qan nümunəsi bir insan həyatının davam etməsinə xidmət edir.
Şöbə rəhbəri qeyd edib ki, rəhbərlik etdiyi şöbənin əsas fəaliyyət istiqamətlərindən biri ölkə üzrə təşkil olunan könüllü qanvermə aksiyalarının koordinasiyası, donorlarla davamlı əlaqələrin qurulması və qanvermə prosesinə ictimai marağın artırılmasıdır. Bu məqsədlə dövlət qurumları, özəl müəssisələr, ali və orta ixtisas təhsil müəssisələri, ictimai birliklər və müxtəlif könüllü təşkilatlarla əməkdaşlıq çərçivəsində mütəmadi qanvermə aksiyaları həyata keçirilir.
Anar Səmədov vurğulayıb ki, talassemiya pasiyenti olaraq qan ehtiyacının və donor dəstəyinin nə qədər həyati əhəmiyyət daşıdığını yaxından bilir. O bildirib ki, uzun illər davam edən müalicə prosesi ona insanlara daha faydalı olmaq, donorların əhəmiyyətini cəmiyyətə daha dərindən çatdırmaq və bu sahədə daha aktiv fəaliyyət göstərmək üçün böyük motivasiya verib.
8 May – Beynəlxalq Talassemiya Günü münasibətilə danışan Anar Səmədov qeyd edib:
“Bir talassemiya pasiyenti kimi hər verilən qanın insan həyatı üçün nə qədər vacib olduğunu öz həyatımda hiss etmişəm. Donorların etdiyi bu xeyirxah əməl sadəcə tibbi yardım deyil, eyni zamanda xəstələrə ümid, yaşamaq gücü və mənəvi dəstəkdir. Məqsədimiz cəmiyyətimizdə könüllü və mütəmadi qanvermə mədəniyyətini daha da inkişaf etdirməkdir.”
Anar Səmədov eyni zamanda bildirib ki, ölkədə qan donorluğu sahəsinə göstərilən dövlət qayğısı bu istiqamətdə həyata keçirilən işlərin daha da genişlənməsinə mühüm töhfə verir. Onun sözlərinə görə, Azərbaycanda talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsi, qan təminatı və donor hərəkatının inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən dövlət proqramları, yaradılan müasir tibbi infrastruktur və qan banklarının fəaliyyəti minlərlə insanın həyatının xilas olunmasına xidmət edir.
Şöbə rəhbəri bildirib ki, qarşıdakı dövrdə donorlarla iş sahəsində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu layihələr çərçivəsində aktiv donorların stimullaşdırılması, gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsi, regionlarda qanvermə aksiyalarının sayının artırılması və ilk dəfə donor olan şəxslərin prosesə adaptasiyasının dəstəklənməsi nəzərdə tutulur.
O əlavə edib ki, donorlarla iş zamanı əsas məqsədlərdən biri onların davamlı donor kimi formalaşdırılmasıdır. Bunun üçün donorlarla mütəmadi əlaqələrin saxlanılması, maarifləndirici görüşlərin təşkili, sosial təşəbbüslərin həyata keçirilməsi və donorların cəmiyyət qarşısında nümunəvi şəxslər kimi tanıdılması istiqamətində işlər görüləcək.
Anar Səmədov həmçinin qeyd edib ki, gələcək fəaliyyət planına sosial media platformalarında maarifləndirici kampaniyaların genişləndirilməsi, müxtəlif qurumlarla birgə sosial layihələrin icrası və qan ehtiyacı olan şəxslərə dəstək məqsədilə operativ donor şəbəkəsinin yaradılması da daxildir.
Sonda Anar Səmədov bütün könüllü donorlara, bu sahəyə dəstək göstərən təşkilatlara və xeyirxah insanlara təşəkkür edərək bildirib ki, insan həyatını xilas etməyə xidmət edən donor hərəkatının inkişafı hər bir vətəndaşın mənəvi məsuliyyəti və humanist dəyəridir.
