Almaniyanın Bavariya Alp dağlarında yerləşən və nasist Almaniyasının lideri Adolf Hitlerin keçmiş dağ iqamətgahı kimi tanınan “Qartal yuvası”nda güclü yanğın baş verib. Hadisə nəticəsində tarixi bina ciddi zərər görüb, bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Associated Press agentliyi məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, yanğın oktyabrın 23-də axşam saatlarında Berxtesqaden bölgəsində, dəniz səviyyəsindən 1834 metr yüksəklikdə yerləşən Kelştaynhauz binasında başlayıb. Yanğınsöndürənlər hadisə yerinə çatdıqda bina artıq tamamilə alovlara bürünmüş vəziyyətdə olub.
Almaniya polisinin məlumatına görə, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Həmin şəxsin yanğının baş verməsində iştirak edib-etmədiyi araşdırılır. Yanğının qəsdən törədilməsi ehtimalı da istintaqın diqqət mərkəzindədir.
Binanın yüksək dağlıq ərazidə yerləşməsi yanğınsöndürmə əməliyyatlarını xeyli çətinləşdirib. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və xilasedici cəlb olunub. İlkin məlumatlara əsasən, yanğın nəticəsində xəsarət alan olmayıb.
1938-ci ildə tikintisi başa çatdırılan “Qartal yuvası” nasist hakimiyyəti dövründə yüksək vəzifəli şəxslərin istifadəsi üçün nəzərdə tutulmuşdu. Adolf Hitler bu məkana nadir hallarda baş çəkirdi.
İkinci Dünya müharibəsindən sonra tarixi əhəmiyyətini qoruyan bina 1952-ci ildən restoran və turizm obyekti kimi fəaliyyət göstərib. Burada nasist Almaniyasının tarixinə həsr olunmuş sərgi də yerləşirdi.
Hazırda hüquq-mühafizə orqanları yanğının dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirirlər.
