Almaniyada 2025-ci il ərzində 11 334 nəfər intihar nəticəsində həyatını itirib. Bu göstərici əvvəlki illə müqayisədə 9,3 faiz artaraq 1998-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, 2024-cü ildə ölkədə 10 372 intihar hadisəsi qeydə alındığı halda, 2025-ci ildə bu göstərici 962 nəfər artıb. Son nəticələr əvvəlki on ilin orta göstəricisindən də 15,6 faiz yüksəkdir.
Rəsmi statistikaya əsasən, ötən il intihar nəticəsində ölənlərin 7 846 nəfəri kişi, 3 488 nəfəri isə qadın olub. Ümumi göstəricidə kişilərin payı 69,2 faiz, qadınların payı isə 30,8 faiz təşkil edib.
Məlumata görə, 2024-cü illə müqayisədə qadınlar arasında intihar hallarının sayı 17,9 faiz, kişilər arasında isə 5,8 faiz artıb.
Almaniya İntiharın Qarşısının Alınması Cəmiyyəti (DGS) açıqlamasında bu statistikanı ciddi xəbərdarlıq siqnalı kimi qiymətləndirib.
Təşkilat bildirib ki, intihar hallarının artması ölkədə profilaktika tədbirlərinin gücləndirilməsini, psixoloji yardım xidmətlərinin əlçatanlığının artırılmasını və bu istiqamətdə davamlı maliyyələşmənin təmin edilməsini zəruri edir.
DGS rəhbəri Ute Levitska intiharın qarşısının alınmasına dair effektiv qanunvericilik mexanizmlərinin hazırlanmasının vacibliyini vurğulayıb.
Mütəxəssislər xüsusilə qadınlar arasında qeydə alınan artımın səbəblərinin ətraflı və elmi əsaslarla araşdırılmasına çağırırlar.
Federal Statistika İdarəsinin məlumatına əsasən, 2025-ci ildə Almaniyada ümumilikdə 1 milyondan çox ölüm hadisəsi qeydə alınıb. İntihar nəticəsində baş verən ölümlər ümumi göstəricinin təxminən 1,1 faizini təşkil edib.
