Çinin ən böyük texnologiya şirkətlərindən biri olan Alibaba süni intellekt sahəsində ABŞ-ın Nvidia şirkəti ilə strateji əməkdaşlığa başladığını açıqlayıb. Tərəflərin ortaq layihələrə fokuslanacağı və yeni məhsullar təqdim edəcəyi bildirilib.
Redaksiya xəbər verir ki, bu açıqlamadan sonra Alibaba-nın səhmləri təxminən 10 faiz bahalaşıb. Şirkətin baş direktoru Eddi Vu çıxışında “Süni intellekt sənayesinin inkişaf sürəti gözləntilərimizi qat-qat üstələyib” deyib.
Planlara görə, Alibaba önümüzdəki üç il ərzində 380 milyard yuan (təxminən 53 milyard dollar) vəsaiti süni intellekt infrastrukturuna yatıracaq. Bu çərçivədə Braziliya, Fransa və Niderlandda yeni məlumat mərkəzləri istifadəyə veriləcək.
Şirkət həmçinin ən böyük dil modeli olan Qwen3-Maxı təqdim edib. Bu modelin 1 trilyondan çox parametrə sahib olduğu və xüsusilə kod yazma qabiliyyətində üstün nəticələr göstərdiyi vurğulanıb.
