Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsipləri əsasında inkişaf edir.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşımında bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) 20-dən çox Avropa ölkəsinin nümayəndələrindən ibarət heyətini qəbul edib.
Onun sözlərinə görə, son yüksəksəviyyəli təmaslar nəticəsində siyasi dialoq intensivləşib, praktiki əməkdaşlıq isə əhəmiyyətli dinamika qazanıb.
“Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və regional bağlantılılıqda, xüsusilə Orta Dəhlizdə strateji rolu Aİ-Azərbaycan münasibətlərinin mühüm istiqamətlərindəndir”, – deyə Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, əməkdaşlıq eyni zamanda təmiz enerji, rəqəmsal transformasiya və innovasiyalar, eləcə də investisiyalar sahələrini əhatə edəcək şəkildə genişlənir.
Hikmət Hacıyevin sözlərinə görə, cari ildə Azərbaycan və Aİ arasında təhlükəsizlik dialoqu Siyasi və Təhlükəsizlik Dialoqu formatına genişləndirilib.
“Biz yeni hərtərəfli ikitərəfli saziş və yenilənmiş Tərəfdaşlıq Prioritetləri istiqamətində işləyirik”, – deyə o vurğulayıb.
Hikmət Hacıyev bildirib ki, inkişaf edən ikitərəfli gündəm ortaq maraqların praktiki nəticələrə çevrilməsi üçün imkan yaradır.

Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır - Hikmət Hacıyev
Aytac Dəniz · Siyasət ·