ABŞ-da sosial mediada gündəm olan paylaşım Ağ Evin rəsmi "X" hesabı tərəfindən yayımlanıb. Şəkildə ABŞ prezidentlərinin Ağ Evdə asılan rəsmi portretləri əks etdirilir. Maraqlı detal isə 2021–2025-ci illər üçün ayrılan yerə Co Baydenin şəkli əvəzinə bir avtomatik imza qələminin (autopen) yerləşdirilməsidir.
Redaksiya xəbər verir ki, portretlərdə Donald Trampın 2017–2021 və 2025–indiki dövr üçün iki fotosu göstərilir. Ortada, yəni 2021–2025-ci illəri əhatə edən müddətə isə insan portreti yox, imza atan mexaniki cihaz – avtopen yerləşdirilib. Bu, Baydenin prezidentliyi dövründə sənədləri şəxsən deyil, avtomatik imza cihazı ilə təsdiqlədiyinə dair uzun müddətdir səsləndirilən tənqidlərə vizual və satirik bir cavab kimi dəyərləndirilir.
Şəkilin altında isə Donald Trampın bu yaxınlarda etdiyi açıqlama yer alır: “2020-ci ildəki saxtalaşdırılmış prezident seçkisindən başqa, autopen Amerika tarixindəki ən böyük siyasi qalmaqaldır.”
Bu paylaşım, Baydenin səhhəti və qərar qəbul etmə prosesində real iştirakına dair Respublikaçılar tərəfindən uzun müddətdir irəli sürülən sualların və tənqidlərin vizual bir ifadəsi olaraq geniş rezonans doğurub.
Paylaşım həm də Trampın 2025-ci ildən başlayaraq prezident postuna qayıtdığına eyham vurur. Ağ Evin bu satirik və siyasi məzmunlu vizualı artıq yüz minlərlə baxış toplayıb və sosial mediada müzakirələrə səbəb olub.
Sevinc Kərimova
