Ümumdünya Ticarət Təşkilatının baş direktoru qlobal iqtisadi perspektivlərlə bağlı açıqlamasında Afrikanın yaxın onilliklərdə dünya iqtisadiyyatında həlledici mövqeyə yüksələcəyini bildirib. Onun sözlərinə görə, demoqrafik və sosial-iqtisadi göstəricilər qitənin gələcək bazarların mərkəzinə çevriləcəyini açıq şəkildə göstərir.
Redaksiya xəbər verir ki, baş direktorun proqnozuna əsasən, 2050-ci ilə qədər Afrikanın əhalisi 2,5 milyard nəfərə çatacaq və bu əhalinin təxminən 800 milyonunu orta təbəqə təşkil edəcək. Bu göstəricilər istehlak bazarlarının genişlənməsi və daxili tələbin sürətlə artması baxımından mühüm əhəmiyyət daşıyır.
Açıqlamada vurğulanıb ki, gələcəkdə dünya üzrə hər 4 işçidən biri afrikalı olacaq. Bu tendensiya Afrikanın təkcə istehlak bazarı deyil, eyni zamanda qlobal əmək bazarının əsas hərəkətverici qüvvələrindən birinə çevriləcəyini göstərir.
ÜTT rəhbəri qeyd edib ki, bu reallıqlar Afrika ölkələri üçün həm məsuliyyət, həm də böyük imkanlar yaradır. Onun fikrincə, düzgün iqtisadi siyasət, təhsil və infrastruktur yatırımları sayəsində Afrika gələcəkdə qlobal ticarət və investisiya axınlarının əsas istiqamətlərindən biri olacaq.
