Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” kiberhücum nəticəsində ciddi itkilərlə üzləşib — şirkətin bütün İT infrastrukturu sıradan çıxarılıb, reyslər kütləvi şəkildə ləğv olunur, minlərlə sərnişin hava limanlarında çıxılmaz vəziyyətdə qalıb.
Redaksiya xəbər verir ki, hücuma görə məsuliyyəti Silent Crow adlı haker qruplaşması öz üzərinə götürüb. Onlar bildiriblər ki, bu əməliyyatı bir il ərzində planlaşdırıblar və bu müddət ərzində “Aeroflot”un korporativ şəbəkəsinə daxil olaraq bütün məlumatları çıxarıblar.
Hazırda azı 50 reys ləğv olunub, vətəndaşlar geri qayıtmaq və ya səyahətə başlamaq imkanından məhrum olub. Hava limanlarında bilet dəyişdirmək və ya geri qaytarmaq üçün uzun növbələr yaranıb.
Rusiya rəsmiləri hücumun miqyasını və təsirlərini araşdırmağa başlayıb. Mütəxəssislər bildirir ki, bu insident ölkənin hava nəqliyyat sisteminin kiberdayanıqlığı baxımından ciddi siqnal sayılmalıdır. Şirkətə məxsus sistemlərin bərpa müddəti və məlumat sızıntısının həcmi hələlik açıqlanmayıb.
Fərid Əlizadə
