ADRA-da sahibkar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib

ADRA-da sahibkar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib

Aytac Dəniz · İqtisadiyyat ·

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) açıq məkandakı reklamlarda dövlət dilinin qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsi məqsədilə sahibkar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib.

ADRA-nın İdarə Heyəti sədrinin müavini Lalə Abdullayevanın sədrliyi ilə keçirilən görüşdə 20-dən çox assosiasiyanın nümayəndəsi iştirak edib.

Görüşdə açıq məkandakı reklamlarda Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunvericiliyin tələbləri, Agentliyin bu istiqamətdə həyata keçirdiyi nəzarət və maarifləndirmə tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, dövlət dilinin qorunması yalnız qanunvericiliyin tələblərinə riayət olunması deyil, həm də milli-mənəvi dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə ADRA-nın maarifləndirmə fəaliyyəti çərçivəsində ümumişlək sözlərin Azərbaycan dilində qarşılığının təbliği, ölkə üzrə açıq məkandakı reklam monitorlarında sosial çarxların yayımlanması, sahibkarların SMS və digər vasitələrlə məlumatlandırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Müzakirələr zamanı daha geniş auditoriyanın maarfləndirilməsi üçün bloger və influenserlərin imkanlarından istifadə, eləcə də sahibkarların bu sahədə məlumatlılığının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün yekununda ayrı-ayrı ictimai birliklərlə birgə sahibkarlar üçün maarifləndirmə tədbirlərinin təşkili, açıq məkandakı reklamlarda dövlət dilinin düzgün tətbiqinin təşviqi istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

ADRA-da sahibkar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib - Şəkil 1
ADRA-da sahibkar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib - Şəkil 2
ADRA-da sahibkar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib - Şəkil 3