ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Erbildə qapalı görüş zamanı Suriya Demokratik Qüvvələrinin (SDF) komandanı Mazlum Abdi ilə kəskin qarşıdurma yaşayıb. Görüş Suriya hökuməti ilə SDF arasında tarixi atəşkəsin elan olunmasından cəmi bir gün əvvəl baş tutub və ciddi gərginlik fonunda keçib.
Redaksiya MEE-yə istinadla xəbər verir ki, Tom Barrak Mazlum Abdinı İsraili Suriyanın daxili münaqişəsinə cəlb etməyə cəhd göstərməkdə ittiham edib və bunun qəbuledilməz, həmçinin təhlükəli nəticələrə gətirib çıxara biləcəyini bildirib. Barrak görüş zamanı “Siz İsraili münaqişəyə sürükləməyə çalışırsınız və bu baş verməyəcək” ifadəsini işlədib.
Mənbələrin məlumatına görə, ABŞ nümayəndəsi İsrail faktorunun münaqişəyə daxil edilməsinin dağıdıcı nəticələrə səbəb ola biləcəyini, həmçinin Vaşinqtonun əsas regional müttəfiqlərindən olan Türkiyə ilə İsrail arasında ciddi gərginlik yaradacağını vurğulayıb. O, bu cür addımların bölgədə sabitliyə ağır zərbə vuracağını açıq şəkildə ifadə edib.
Görüşdə Barrak, 2025-ci ilin mart ayında əldə olunmuş və SDF-in 2025-ci ilin sonuna qədər Suriya ordusuna inteqrasiyasını nəzərdə tutan razılaşmanın icrasının ləngidilməsinə görə Abdi və SDF rəhbərliyinə açıq narazılığını bildirib. O, SDF rəhbərliyini prosesi bilərəkdən uzatmaqda, razılaşmanı yerinə yetirməməkdə və xarici güclərə arxalanmaqda ittiham edib.
ABŞ nümayəndəsi həmçinin Mazlum Abdinın hələ də devrilmiş rejimin mövcud olduğu kimi davrandığını qeyd edərək, “Siz hələ də Bəşər Əsədin Suriyaya rəhbərlik etdiyi dövr kimi düşünürsünüz. Halbuki köklü dəyişiklik baş verib və bu gün Dəməşq terrorla mübarizədə bizim tərəfdaşımızdır” sözlərini səsləndirib.
