ABŞ Dövlət Departamentinin nümayəndə heyəti cümə günü Venesuelanın paytaxtı Karakasa səfər edib. Bu səfər Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasından sonra ilk rəsmi ABŞ missiyası kimi qiymətləndirilir və ABŞ səfirliyinin mümkün bərpası istiqamətində ilkin addım hesab olunur.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, səfərdə iştirak edən diplomatik və təhlükəsizlik üzrə mütəxəssislər səfirliyin mərhələli şəkildə fəaliyyətinin bərpa olunub-olunmamasını müəyyənləşdirmək məqsədilə ilkin qiymətləndirmə aparıblar.
Rəsmi şəxslərin bildirdiyinə görə, ABŞ səfirliyinin yenidən açılması ölkədəki təhlükəsizlik vəziyyətindən və diplomatik binanın texniki durumundan birbaşa asılı olacaq. Qeyd olunub ki, hazırkı mərhələdə səfər yalnız qiymətləndirmə xarakteri daşıyır və yekun qərar daha geniş təhlükəsizlik və infrastruktur analizlərindən sonra veriləcək.
