ABŞ-nin aparıcı texnologiya şirkətləri elmi tədqiqatlarda süni intellektdən istifadəni genişləndirmək məqsədilə Genesis Mission proqramına ümumilikdə 2,4 milyard dollarlıq dəstək verməyi öhdələrinə götürüblər. Ən böyük töhfəni beş il ərzində 1 milyard dollar ayıracağını açıqlayan Nvidia şirkəti verəcək. Bu barədə Ağ Evin rəsmi saytında məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, öhdəliklər oktyabrın 8-də Vaşinqtonda keçirilən “Elm: Yeni qızıl dövr” adlı sammitdə elan olunub. ABŞ Prezidenti Donald Trampın administrasiyasının təşəbbüsü ilə keçirilən tədbirdə 11 texnologiya şirkəti federal elmi qurumlara süni intellekt modelləri, hesablama resursları və digər texnoloji vasitələr təqdim etməyə razılıq verib.
Açıqlanan bölgüyə əsasən, Nvidia 1 milyard, AMD 500 milyon, OpenAI 200 milyon, Anthropic və Google isə hər biri 150 milyon dollarlıq dəstək ayıracaq. AMP və Emerald AI şirkətlərinin hər biri 100 milyon dollar, Amazon Web Services, Armada, Crusoe və Micron isə hər biri 50 milyon dollarlıq resurs təqdim etməyi öhdəsinə götürüb.
Nvidia-nın rəhbəri Censen Huanqın dəstəklədiyi təşəbbüsün əsas məqsədi yüksək məhsuldarlıqlı hesablama imkanlarını ABŞ alimləri üçün daha əlçatan etməkdir. Şirkətin ayıracağı 1 milyard dollarlıq dəstək beş illik dövrü əhatə edəcək.
Genesis Mission proqramı 2025-ci ilin noyabrında Prezident Donald Trampın sərəncamı ilə yaradılıb. Əvvəlcə ABŞ Energetika Nazirliyi çərçivəsində fəaliyyət göstərən təşəbbüs sonradan genişləndirilib və hazırda 15-dən çox federal qurumu əhatə edir.
Proqrama NASA, ABŞ Milli Səhiyyə İnstitutları, Milli Elm Fondu və digər dövlət qurumları cəlb olunub. Əsas tədqiqat istiqamətləri arasında energetika, səhiyyə, kosmik texnologiyalar, materialşünaslıq və elmi kəşflərin sürətləndirilməsi yer alır.
Anthropic şirkəti açıqlamasında Genesis Mission çərçivəsində üç il ərzində 150 milyon dollarlıq dəstək verəcəyini təsdiqləyib. Bu vəsait Claude süni intellekt modellərinin federal elmi qurumlarda çalışan tədqiqatçılar üçün əlçatanlığının artırılmasına yönəldiləcək.
Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin rəhbəri Maykl Kratsios bildirib ki, qabaqcıl elmi araşdırmalar üçün yüksək hesablama gücünə çıxış getdikcə daha vacib amilə çevrilir. Onun sözlərinə görə, xüsusilə dövlət laboratoriyaları və akademik müəssisələr bu resursların məhdudluğu ilə üzləşirlər.
Kratsios qeyd edib ki, özəl sektorun təqdim etdiyi 2,4 milyard dollarlıq texnoloji dəstək alimlərin mürəkkəb hesablamalar aparmasına, böyük həcmli elmi məlumatları təhlil etməsinə və yeni tədqiqat metodlarından istifadə etməsinə kömək edəcək.
Ağ Evin məlumatına əsasən, Genesis Mission proqramının genişləndirilməsi üçün iyul ayında federal səviyyədə 5 milyard dollardan çox maliyyə öhdəliyi də elan edilib. Yeni özəl sektor dəstəyi həmin təşəbbüsü tamamlayır.
Bununla belə, açıqlanan 2,4 milyard dolların hamısı birbaşa pul köçürməsi deyil. Dəstəyin əhəmiyyətli hissəsi bulud hesablama xidmətləri üçün kreditlər, süni intellekt modellərinə çıxış və digər texnoloji resurslar formasında təqdim olunacaq.
Təşəbbüs ABŞ hökumətinin süni intellekt sahəsində özəl texnologiya şirkətləri ilə əməkdaşlığını genişləndirdiyini göstərir. Genesis Mission vasitəsilə dövlət qurumları qabaqcıl süni intellekt modellərindən və yüksək hesablama gücündən elmi layihələrdə daha geniş istifadə etmək imkanı əldə edəcəklər.
