ABŞ Konqresi Epşteyn işi ilə bağlı 33 min səhifəlik sənəd yaydı

ABŞ Konqresi Epşteyn işi ilə bağlı 33 min səhifəlik sənəd yaydı

Sevinc Kərimova · Siyasət ·

ABŞ Konqresinin Nəzarət və İctimai İslahatlar Komitəsi uzun müddətdir ictimaiyyətin maraqla gözlədiyi Cefri Epşteyn işi ilə bağlı 33 min 295 səhifəlik sənədləri açıqlayıb. Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan sənədlərdə bir sıra məşhur siyasətçi və tanınmış şəxsin adı keçir.

Redaksiya xəbər verir ki, sənədlərdə Böyük Britaniya şahzadəsi Endryu, ABŞ prezidenti Donald Tramp, sabiq prezident Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın sabiq vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüziya ustası Devid Kopperfild, hüquqşünas Alan Dersoviç və Nyu-Meksikonun sabiq qubernatoru Bill Riçardsonun adları yer alıb.

Rəsmi açıqlamalara görə, Federal Təhqiqatlar Bürosunun (FTB) apardığı araşdırma nəticəsində “müştəri siyahısı”na dair sübut aşkarlanmayıb. Epşteynin isə bəzi iddiaların əksinə olaraq öldürülmədiyi, 2019-cu ildə Nyu-Yorkdakı Metropoliten Həbsxanasında kamerasında intihar etdiyi təsdiqlənib.

Bununla belə, məsələ ətrafında mübahisələr davam edir. ABŞ jurnalisti Taker Karlson Epşteynin “İsrail üçün çalışdığını” və bunun Vaşinqton dairələrində sirr olmadığını bildirib. “Wall Street Journal” qəzeti isə Epşteynin yaxın tərəfdaşı Qislaine Maksvelin onun 50 illik yubileyi münasibətilə tanışlarından məktub istədiyini, həmin məktublardan birinin də Donald Trampa aid olduğunu iddia edib.

Əlavə olaraq, Ədliyyə Nazirliyi Maksvel ilə yüksək vəzifəli federal prokuror arasında keçirilmiş görüşlərin protokolunu da açıqlayıb. Bu qeydlərdə Maksvel Epşteynin “müştəri siyahısının olmadığını” irəli sürüb.