ABŞ kəşfiyyatı Nvidia rəhbərinin yaxın əlaqəsini araşdırıb

ABŞ kəşfiyyatı Nvidia rəhbərinin yaxın əlaqəsini araşdırıb

Aytac Dəniz · Media ·

ABŞ kəşfiyyat qurumları Nvidia şirkətinin baş direktoru Censen Huanqla yaxın əlaqələr qurmuş çinli iş qadınının Pekin üçün kəşfiyyat fəaliyyəti göstərdiyi qənaətinə gəlib. Söhbət Sinqapurda yerləşən Megaspeed şirkətinin rəhbər şəxslərindən biri olan Elis Huanqdan gedir. Bu barədə The New York Times nəşri məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Huanq Le adı ilə də tanınan Elis Huanq ABŞ kəşfiyyatının müşahidəsi altında olub. Kəşfiyyat məlumatları ilə tanış olan mənbələrin iddiasına görə, o, Çin hökumətinin maraqları naminə məlumat toplayaraq Pekinə ötürüb.

Araşdırma zamanı qadının Nvidia-nın baş direktoru Censen Huanqla yaxın əlaqələr saxladığı da müəyyən edilib. Onların müxtəlif işgüzar görüşlərdə iştirak etdikləri və birlikdə görüntüləndikləri bildirilir.

Elis Huanqın yüksək vəzifə tutduğu Megaspeed şirkəti məlumat mərkəzləri və bulud hesablama xidmətləri sahəsində fəaliyyət göstərir. Şirkət daha əvvəl ABŞ-ın Çinə qabaqcıl süni intellekt çiplərinin ixracına tətbiq etdiyi məhdudiyyətlərdən yayınmaqda şübhəli bilinib.

Amerika rəsmilərinin narahatlığına səbəb olan əsas məsələlərdən biri Elis Huanqın Nvidia rəhbəri ilə əlaqələrindən istifadə edərək şirkətin texnoloji və kommersiya planları barədə məlumat əldə edə bilməsi ehtimalıdır.

The New York Times-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp kəşfiyyatın əldə etdiyi məlumatlarla tanış edilib. Lakin prezidentin məsələ ilə bağlı konkret tədbir görmədiyi bildirilir.

Nvidia isə yayılan məlumatlara münasibət bildirərək Censen Huanqın Elis Huanqla görüşlərinin adi işgüzar xarakter daşıdığını açıqlayıb.

Şirkətin nümayəndələri vurğulayıblar ki, Nvidia rəhbəri dünyanın müxtəlif ölkələrində çoxsaylı müştəri və tərəfdaş şirkətlərin təmsilçiləri ilə müntəzəm görüşlər keçirir.

Nvidia həmçinin regional müştərilərə kommersiya xarakterli adi məlumatların təqdim olunduğunu, dövlət təhlükəsizliyi üçün əhəmiyyət daşıyan məxfi məlumatların paylaşılmadığını bildirib.

Çinin ABŞ-dakı səfirliyi isə casusluqla bağlı ittihamları rədd edib və bu iddiaları ölkəyə qarşı qarayaxma kimi qiymətləndirib.

Qeyd edək ki, yayılan məlumatlar anonim kəşfiyyat mənbələrinin açıqlamalarına əsaslanır. Elis Huanqın konkret hansı məlumatları ötürdüyü ictimaiyyətə açıqlanmayıb. Censen Huanqın mümkün kəşfiyyat fəaliyyətindən xəbərdar olduğunu və ya bu fəaliyyətdə iştirak etdiyini təsdiqləyən sübut təqdim edilməyib.