ABŞ hərbi pilotsuz uçuş aparatlarının kütləvi istehsalında ciddi çətinliklərlə üzləşir. Pentaqon hazırda dronları minlərlə ədəd alarkən, Rusiya və Çin milyonlarla pilotsuz uçuş aparatı istehsal etmək imkanlarına malikdir. ABŞ Müdafiə Nazirliyi istehsal həcmini artırmaq məqsədilə 1,1 milyard dollarlıq proqram həyata keçirir. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Pentaqonun Müdafiə İnnovasiyaları Bölməsinin (DIU) direktor vəzifəsini icra edən Trevis Mets ABŞ-da hərbi dronların genişmiqyaslı istehsalı üçün kifayət qədər sənaye potensialının olmadığını bildirib.
“Biz, demək olar ki, sıfırdan başlayırıq. Bu şirkətlərin heç biri ABŞ-da genişmiqyaslı istehsal imkanlarına malik deyil”, – deyə Mets vurğulayıb.
Onun sözlərinə görə, Amerika müdafiə sənayesi pilotsuz uçuş aparatlarına artan tələbatı qarşılamaq üçün istehsal imkanlarını sürətlə genişləndirməlidir.
Bloomberg-in məlumatına əsasən, ABŞ bu sahədə həm təchizat zəncirindəki problemlərlə, həm də müasir döyüş meydanının sürətlə dəyişən tələblərinə uyğunlaşmaq çətinlikləri ilə üzləşir.
Pentaqon vəziyyəti dəyişmək məqsədilə “Drone Dominance” adlı proqramın həyata keçirilməsinə təxminən 1,1 milyard dollar ayırıb.
Proqram dörd mərhələdən ibarət müsabiqə formatında təşkil olunub. Hər növbəti mərhələdə iştirakçı şirkətlər daha mürəkkəb sınaqlardan keçiriləcək və istehsal sifarişlərinin həcmi artırılacaq.
Əsas məqsəd hansı Amerika şirkətlərinin dronları böyük həcmdə, sürətlə və sabit keyfiyyətlə istehsal edə biləcəyini müəyyənləşdirməkdir.
ABŞ-ın müdafiə naziri Pit Heqset ötən ilin iyul ayında ölkənin hərbi dron istehsalını sürətlə genişləndirmək məqsədilə “Drone Dominance” təşəbbüsünü başladıb.
Proqram Amerika müdafiə sənayesində pilotsuz uçuş aparatlarının kütləvi istehsalı üçün yeni imkanların yaradılmasını hədəfləyir.
Bununla belə, Bloomberg-in məlumatına görə, təşəbbüs hələlik gözlənilən nəticələri verməyib. ABŞ istehsal miqyasını artırmaq və xarici rəqiblərlə arasındakı fərqi azaltmaq istiqamətində çətinliklərlə üzləşməkdə davam edir.
Mövcud vəziyyət Pentaqon üçün yalnız yeni dron modellərinin hazırlanmasının deyil, onların böyük sayda və davamlı şəkildə istehsalının da mühüm vəzifəyə çevrildiyini göstərir.
