ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) hantavirusla bağlı halları “3-cü səviyyə fövqəladə cavab” rejimi çərçivəsində izləməyə başlayıb.
Redaksiya GDH Digital-a istinadla xəbər verir ki, bu səviyyə CDC-nin fövqəladə aktivasiya sistemində ən aşağı mərhələ hesab olunur və ümumi ictimai riskin aşağı olduğunu göstərir.
Məlumata görə, qərar MV Hondius kruiz gəmisində qeydə alınan hantavirus yoluxmaları və bir neçə ölüm hadisəsindən sonra qəbul edilib. CDC epidemioloq və səhiyyə mütəxəssislərini prosesə cəlb edib.
ÜST bildirib ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır və insanlar arasında ötürülmə çox nadir hallarda müşahidə olunur. Bununla belə, MV Hondius hadisəsində Andes virusu ştammı ehtimalı araşdırılır.
ABŞ Prezidenti Donald Tramp məsələ ilə bağlı tam hesabatın hazırlanacağını açıqlayıb və vəziyyətin nəzarət altında qalacağına ümid etdiyini bildirib.
CDC və beynəlxalq səhiyyə qurumları hazırda müxtəlif ölkələrə qayıdan sərnişinləri müşahidə altında saxlayır. ABŞ rəsmiləri ümumi əhali üçün riskin aşağı qiymətləndirildiyini vurğulayırlar.
