ABŞ-nin Kanzas ştatında Prezident Donald Trampı öldürməklə hədələməkdə şübhəli bilinən 24 yaşlı Ceyden C. Rid (Jaden J. Read) saxlanılıb. İstintaqın məlumatına görə, şübhəli Trampın çıxış edəcəyi ərazidəki binaların damlarını əvvəlcədən araşdırdığını iddia edib. O, prezidentin mitinqindən iki gün əvvəl həbs olunub. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Kanzas ştatının Klirvoter şəhərində yaşayan Ceyden Rid oktyabrın 17-də federal hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin gün ona qarşı ABŞ prezidentini hədələməklə bağlı cinayət işi açılıb.
İstintaq materiallarına əsasən, hadisə ilə bağlı araşdırma oktyabrın 15-də daxil olan məlumatdan sonra başlayıb. Hüquq-mühafizə orqanlarının diqqətini sosial şəbəkədə Donald Trampın Kanzas ştatına planlaşdırılan səfəri haqqında xəbərlərin altında yazılmış şərhlər cəlb edib.
Şübhəlinin Facebook platformasında yerli KAKE News telekanalının Trampın səfəri barədə paylaşımına cavab olaraq prezidentin öldürülməsinə çağırış etdiyi bildirilir.
ABŞ prokurorluğunun məlumatına görə, Rid başqa bir şərhində silah-sursata malik olduğunu iddia edərək Donald Trampı öldürməklə hədələyib.
İstintaq zamanı KWCH 12 News telekanalının eyni səfərlə bağlı paylaşımının altında da şübhəliyə aid olduğu bildirilən təhdid xarakterli ifadələr aşkarlanıb.
Həmin şərhlərdən birində Rid prezidentin Kanzasda güllələnməsini istədiyini yazıb və bunu şəxsən edə biləcəyini iddia edib.
Digər paylaşımında isə Trampın harada çıxış edəcəyini bildiyini və ətrafdakı binaların damlarını əvvəlcədən xəritələşdirdiyini bildirib.
Bu ifadələr hüquq-mühafizə orqanlarında prezidentin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb. Bununla belə, şübhəlinin həmin ərazidə şəxsən kəşfiyyat apardığı və ya konkret hücum planı hazırladığı hələlik təsdiqlənməyib.
Donald Trampın Kanzas ştatının Viçita şəhəri yaxınlığında keçiriləcək mitinqi oktyabrın 19-na planlaşdırılmışdı. Rid isə tədbirdən iki gün əvvəl, oktyabrın 17-də Klirvoter şəhərində saxlanılıb.
Şübhəli federal nəzarətə götürülüb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, onun həbsdə saxlanılması məsələsinə məhkəmədə baxılana qədər federal təcridxanada qalması nəzərdə tutulub.
Kanzas dairəsinin federal prokuroru Rayan Kriqshauzer hadisəyə münasibət bildirərək siyasi zorakılığın və bu cür zorakılıq hədələrinin qəbuledilməz olduğunu vurğulayıb.
“Siyasi zorakılığa və siyasi zorakılıq hədələrinə dözümlülük göstərilməyəcək”, – deyə prokuror bildirib.
O, ABŞ Konstitusiyasının Birinci Düzəlişinin fikir ayrılıqlarını sərbəst ifadə etmək hüququnu qoruduğunu, lakin bu azadlığın da hüquqi sərhədlərinin mövcud olduğunu qeyd edib.
Hadisənin araşdırılmasına ABŞ Məxfi Xidməti, federal marşallar xidməti, Kanzas İstintaq Bürosu, Kanzas Yol Patrulu və Viçita polisi cəlb olunub.
Hazırda Ceyden Ridə qarşı prezidentin həyatına hədə-qorxu gəlməklə bağlı ittiham irəli sürülüb. Onun təqsiri məhkəmənin yekun qərarı ilə müəyyən edilməlidir.
