ABŞ kəşfiyyatı Çin şirkətləri ilə İran rəsmiləri arasında mümkün silah tədarükü danışıqlarını izləyir.
Redaksiya “New York Times”a istinadla xəbər verir ki, Çin şirkətlərinin İrana silah satışı ilə bağlı danışıqlar apardığı, tədarükün mənbəyini gizlətmək üçün silahların üçüncü ölkələr üzərindən göndərilməsi variantının müzakirə edildiyi bildirilir.
Məlumata görə, ABŞ rəsmiləri Çin şirkətləri və İran tərəfi arasında silah transferləri ilə bağlı danışıqlara dair kəşfiyyat məlumatları əldə edib. Bununla belə, hazırda silahların faktiki olaraq göndərilib-göndərilmədiyi və Çin hökumətinin bu danışıqlara nə dərəcədə razılıq verdiyi aydın deyil.
İddialar Vaşinqtonun İranın hərbi imkanlarının genişlənməsi və regionda gərginliyin artması ilə bağlı narahatlığının yüksəldiyi dövrə təsadüf edir. ABŞ üçün əsas risk Çin mənşəli silah və ya komponentlərin dolayı marşrutlarla İrana çatdırılmasıdır.
Pekin daha əvvəl İranla bağlı oxşar ittihamları rədd etmiş və münaqişə tərəflərinə silah vermədiyini bildirmişdi. Çin rəsmiləri Vaşinqtonu əsassız ittihamlarla gərginliyi artırmamağa çağırır.
