80 yaşlı sakin yuxu marafonunun qalibi olub

80 yaşlı sakin yuxu marafonunun qalibi olub

Fərid Əlizadə · Media ·

Cənubi Koreyanın paytaxtı Seulda xroniki yuxusuzluq probleminə diqqət çəkmək üçün gündüz yuxusu yarışı keçirilib. Han çayı sahilində təşkil olunan tədbirə yüzlərlə şəhər sakini qatılıb.

Redaksiya Reuters-ə istinadla xəbər verir ki, Seul meriyası tərəfindən təşkil edilən “Power Nap Contest” artıq üçüncü dəfə keçirilir. Yarış iştirakçılarından tədbirə yorğun, tox və yuxu mövzusuna uyğun geyimdə gəlmələri tələb olunub.

Müsabiqə zamanı iştirakçılar göz maskası taxaraq parkda yatmağa çalışıblar. Təşkilatçılar isə onların ürək döyüntülərini ölçərək dərin və sakit yuxuya gedib-getmədiklərini qiymətləndiriblər.

Yarışın qalibi 80 yaşlı kişi olub. İkinci yeri isə 37 yaşlı ofis işçisi Hvan Du Son tutub. O bildirib ki, tez-tez gecə növbəsində işlədiyi və gündəlik yorğunluq yaşadığı üçün yarışa qatılaraq özünü bərpa etmək istəyib.

Tədbir Cənubi Koreyada həddindən artıq iş yükü və yuxu çatışmazlığının geniş yayıldığını göstərən sosial mesaj kimi qiymətləndirilir. Mütəxəssislər hesab edirlər ki, bu cür qeyri-adi tədbirlər sağlam yuxu vərdişlərinin əhəmiyyətini ictimai gündəmə daşıya bilər.